“Paris-2024 Yay Olimpiya Oyunlarından medalsız qayıtmaq istəmirdik”
Bu sözləri güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Xetaq Qazyumov sərbəst güləşçi Giorgi Meşvildaşvilinin bürünc medal qazanaması ilə bağlı danışarkən deyib. O, Giorginin olimpiadalarda ilk sınağı olmasına baxmayaraq Paris-2024-ü medalla başa vurduğunu qeyd edib: “Çox həyəcanlı idik. Medalsız qayıtmaq istəmirdik. Giorgi çox yaxşı çıxış etdi. Lakin qızıl medal imkanını əldən vermişdi. Bürünc mükafat əlçatan idi. Bilirsiniz ki, bu, onun ilk Olimpiya Oyunları idi. Giorginin potensialı çox yüksəkdir. O, artıq Olimpiya Oyunlarında ilk sınağından mükafatla ayrılır. Növbəti sınağında ondan Olimpiya çempionluğunu gözləməyə dəyər”.
Xetaq Qazyumov sabah bürünc medal uğrunda görüşə çıxacaq Maqomedxan Maqomedxanovun da Paris-2024-ü mükafatla başa vuracağına ümid etdiyini bildirib.
“Maqomedxan da bizim əsas medal ümidlərimizdən hesab olunurdu. Bu Olimpiya Oyunlarında zəif rəqib olmur. Kim daha iddialı çıxış edirsə, çempion adını da o qazanır. Maqomedxanın qızıl medalı əldən verməsi bizi çox məyus etdi. Lakin onun sabah bürünc medal uğrunda iddiası qalır. Əminik ki, o, milli komandamızın son medal şansını əldən verməyəcək. Bizimlə bu həyəcanı yaşayan hər bir azərbaycanlıya minnətdarlığımı bildirirəm”, - deyə Xetaq Qazyumov bildirib.
Xetaq Qazyumov: “Kim daha iddialı çıxış edirsə, çempion adını da o qazanır”