Azərbaycan güllə atıcıları Perunun paytaxtı Limada gənclər arasında keçirilən dünya çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla tarixi nəticəyə imza atıblar.
Azərbaycan Atıcılı Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ilk dəfə müstəqil Azərbaycanın atıcıları gənclər arasında dünya çempionatında medal əldə ediblər.
Mundiala 7 idmançı ilə qoşulan yığma yarışı ümumi medal sıralamasında 12-ci pillədə başa vurub.
Çempionatın ilk günündə Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovasan ibarət heyət komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada gümüş medal əldə edib. Onlar yalnız Hindistan komandasına məğlub olaraq, fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.
İmran Qarayev oğlanlar arasında 50 metr məsafəyə atəşaçmada qızıl medal qazanıb. O, final mərhələsində 552 xalla rumıniyalı rəqibini geridə qoyub. Eyni gündə Sofiya Barxalova qızlar arasında 50 metr məsafəyə atəşaçmada 535 xal toplayaraq bürünc medala sahib çıxıb.
Bundan əlavə, fərdi yarışda Zeynəb Sultanova və Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada final mərhələsinə ikinci olaraq vəsiqə qazansalar da, mübarizəni 5-ci pillədə başa vurublar. Ümumilikdə 51 ölkədən 566 idmançının iştirak etdiyi çempionatda yalnız 15 ölkə, o cümlədən Azərbaycan çempionluq sevincini yaşayıb.