Avropa çempionatı: Badminton millimiz son oyunda da məğlub oldu

Avropa çempionatı: Badminton millimiz son oyunda da məğlub oldu

Azərbaycanın badminton millisi Bakıda təşkil olunan qarışıq komandalar arasında Avropa çempionatında sonuncu oyununu keçirib. Birinci qrupda yer alan yığmamız Bakı İdman Sarayında son Avropa çempionu, turnirin 1 nömrəli reytinq favoriti Danimarka seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qadınların şəxsi yarışında Keişa Fatimə Zəhra Lina Kyaersfeldetə 2:1 (17-21,21-11,23-21) hesabı ilə qalib gəlib. Bu Danimarkanın Avropa çempionatında 5 kateqoriyadan birində ilk məğlubiyyətidir. Danimarka daha öncə həm İspaniya, həm də İngiltərə millisinə 5:0 hesabı ilə qalib gəlib. Kişilərin şəxsi yarışında gənc badmintonçu Ülvi Hüseynov dünya ikincisi Anders Antonsenə 0:2 (8-21,4-21) hesabı ilə məğlub olub. Qadınların qoşa kateqoriyasında Leyla Camalzadə - Həcər Nuriyeva tandemi Nataşa Antonsen - Maiken Fruerqaard ikilisinə 0:2 (6-21,3-21) hesabı ilə uduzub.

Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov - Diki Pangestu qoşası Kim Astrup və Mads Vesterqaarda qarşı mübarizə aparıb. Oyun Danimarka təmsilçilərinin qələbəsi ilə başa çatıb - 0:2 (12-21, 8-21).

Qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva cütü Yesper Toft - Amalie Magelund ikilisi ilə üz-üzə gəlib - 0:2 (7-21, 8-21).

Bununla da yığma yarışda mübarizəni dayandırıb. Milli komanda daha əvvəl keçirilən oyunlarda İngiltərə və İspaniyaya 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Avropa çempionatına fevralın 16-da yekun vurulacaq.