Fərid Mansurov: "Əkdiyimiz ağaclar təbiətə yaşıllıq, insanlara isə sağlamlıq bəxş edəcək" 

Fərid Mansurov: "Əkdiyimiz ağaclar təbiətə yaşıllıq, insanlara isə sağlamlıq bəxş edəcək" 

"5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində ağacəkmə aksiyasınını təşkili hələ uzun illər yaddaşlarda qalacaq".

Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov Bakının Xətai rayonundakı "Hərbi Qənimətlər Parkı”nda 5 Mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə MOK-un təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası zamanı deyib.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Azərbaycan idman ictimaiyyətini təbrik edən Olimpiya çempionu Azərbaycanın veteran idmançılarının idman günündə belə bir aksiyada bir araya gəlməsinin xoş olduğunu deyib.

"Bədən Tərbiyəsi və İdman Gününün 20 illiyi şərəfinə bu aksiya həyata keçirilir. Bu münasibətlə idman ictimaiyyətinin nümayəndələri qəhrəmanlıq nümunəsi olan "Hərbi Qənimətlər Parkı"nda bir araya toplaşıblar. Veteran idmançı olaraq, ağacəkmə aksiyasında iştirak etdiyimə görə çox sevinirəm. Bu tədbirin keçirilmə təşəbbüsü Milli Olimpiya Komitəsi tərəfindən irəli sürülüb. Əkdiyimiz ağaclar təbiətə yaşıllıq, insanlara isə sağlamlıq bəxş edəcək. İdmanın özü də sağlam həyat tərzinin nümunəsidir. Biz zamanında bundan yararlanmışıq. İndi növbə bizdən sonrakı nəsillərə düşür. İnanırıq ki, Azərbaycanda sağlam və etibarlı bir nəsil formalaşacaq, bizim bu ənənələri uğurla davam etdirəcəklər", - deyə Fərid Mansurov bildirib.

Fərid Mansurov: "Əkdiyimiz ağaclar təbiətə yaşıllıq, insanlara isə sağlamlıq bəxş edəcək"