Özbəkistan və Azərbaycanın idman nazirləri Respublika Velotrekində olublar  

Özbəkistan və Azərbaycanın idman nazirləri Respublika Velotrekində olublar  

Velosiped

Bugün, 13:11

Özbəkistan Respublikasının idman naziri Ədhəm İkramov və Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Respublika Velotrekində olublar.

Olimpnews.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Zaur Axundov və federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov qonaqlara ölkəmizdə velosiped idmanının inkişafı istiqamətində görülən işlər, Respublika Velotrekində idmançıların hazırlanması üçün yaradılmış şərait barədə ətraflı məlumat veriblər.

Nazirlər Velotrekdə idmançıların məşq və hazırlıq imkanları, Velosiped Muzeyi, məşqçilərin və idmançıların qalması üçün nəzərdə tutulmuş mini-oteldəki şəraitlə yaxından tanış olublar. Burada məşq edən uşaqların hazırlıq prosesini də izləyən nazirlər gənc nəslin velosiped idmanına cəlb olunması, onların idman bacarıqlarının inkişaf etdirilməsi və gələcəkdə peşəkar idmançı kimi yetişdirilməsi istiqamətində görülən işlərlə tanış olublar.

Qeyd edilib ki, müasir idman infrastrukturu velosiped idmanının kütləviliyinin artırılması, istedadlı uşaqların erkən yaşlardan aşkar edilməsi və onların peşəkar hazırlığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür idman obyektləri həm yüksək nəticələrə nail olmağı hədəfləyən idmançıların yetişdirilməsinə, həm də gənclər arasında sağlam həyat tərzinin təşviqinə xidmət edir.

Ədhəm İkramov və Fərid Qayıbov idmançılar, məşqçilər, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin direktoru Gülnarə Məlikova, Azərbaycan Velosiped İdmanı Federasiyanın Tibb Xidmətinin rəhbəri Leyla Cahani ilə səmimi söhbət ediblər.

Respublika Velotrekində yaradılmış şəraiti və idman infrastrukturunu yüksək qiymətləndirən Ədhəm İkramov Azərbaycan və Özbəkistan arasında idman əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini xüsusi olaraq vurğulayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR