İsveç hökuməti 2026-cı ildə keçiriləcək qış Olimpiya oyunlarına ev sahibliyi üçün öz namizədliyini verəcək. Xatırladaq ki, İsveçin paytaxtı Stokholm şəhəri 2022-ci ildə təşkil ediləcək Olimpiya oyunlarına namizədliyini versə də, son anda qərarını dəyişib. İsveç hökuməti buyaxınlarda Stokholm və Ope kurort şəhərinin Olimpiada-2026-ya namizədliyini verməsi barədə qərar çıxarıb.
"Ötən dəfə biz Olimpiada-2022 uğrunda son mərhələdə dayandıq. Soçi-2014 Qış Olimpiya Oyunlarından sonra Olimpiada-2022 uğrunda mübarizə aparmaq üçün bizim kifayət qədər dəstəyimiz yox idi. İndi isə vəziyyət tamam başqadır”, - deyə İsveç Olimpiya Komitəsinin prezidenti Stefan Lindberq bildirib.
Əvvəllər mətbuatda İsveçin Olimpiada-2026-ya Norveçlə birgə ev sahibliyi edəcəyi ilə bağlı məlumat yayılmışdı. İsveçdən başqa olimpiadaya namizədlik uğrunda ABŞ (Solt-Leyk-Siti və Yuta ştatı), Yaponiya (Sapporo) da mübarizə aparırlar. Olimpiadaya birgə ev sahibliyi etmək üçünsə Kanadanın Kvebek və ABŞ-ın Leyk-Plesid, eləcə də İsveçrənin Siyon və Bale regionu iddialıdırlar.
Olimpiada-2026 uğrunda qalib şəhərin adı 2019-cu ildə səsvermə yolu ilə müəyyən ediləcək.