Pxençxan-2018 Olimpiya Oyunları Təşkilat Komitəsi Olimpiya kəndinin tikintisinə qərar verib. Tikintinin qış Olimpiya Oyunlarına bir il qalmış, yəni 2017-ci ildə təhvil verilməsi planlaşdırılır. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Əlaqələndirmə Komissiyasının Pxençxana 5-ci səfəri zamanı məlumat verilib.
Komissiya üzvləri burada olduqları müddətdə XXIII Qış Olimpiya Oyunlarına hazırlıqla bağlı əlaqədar qurumların məruzələrini dinlədikdən sonra yarışların keçirilməsi üçün yeni inşa olunan idman qurğularına baş çəkiblər.
Layihəyə görə, Olimpiya Kəndi dünyanın 200-dən çox olkəsindən Pxençxana təşrif buyuracaq 3500 atleti qəbul edə biləcək. BOK-un Əlaqələndirmə Komissiyasının sədri Qunilla Lindberqin sözlərinə görə, Pxençxanda olimpiadaya yüksək səviyyədə hazırlıq gedir, amma görüləsi işlər hələ çoxdur.
"Olimpiya Oyunlarına hazırlıq çox yaxşı gedir. Əvvəlki səfərlərdə olduğu kimi, tətəfdaşların bu işdə dəstəyini yaxından hiss edirəm. İdman qurğularının tikintisi də öz axarı ilə davam edir. Olimpiadaya ilk test yarışlarına hazırlaşdlğınız müddətdə sizdən işin sürətini artırmağı və müəyyən detalları nəzərdən keçirməyi xahiş edirik. Bu, bizə Cənubi Koreyanın dünyaya ən yaxşı qış Olimpiadasını təqdim edəcəyini deməyə imkan verəcək.”, - deyə Qunilla Lindberq bildirib.
Qeyd edək ki, BOK-un Əlaqələndirmə Komissiyasının Pxençxana növbəti səfəri gələn ilin mart ayına planlaşdırılır.
XXIII Qış Olimpiya Oyunları 2018-ci ilin 9-25 fevralında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.