Çingiz Hüseynzadə: “Azərbaycan ən böyük qələbəsini artıq qazanıb”

Çingiz Hüseynzadə: “Azərbaycan ən böyük qələbəsini artıq qazanıb”


Qarabağ uğrunda hər gün gərgin döyüşlər gedir. İşğal altında olan əzəli torpaqlarımızın azad edilməsi uğrunda qəhrəman xalqımızın şanlı Ordusu misilsiz rəşadətlər göstərərək, böyük qələbələr qazanır. Demək olar ki, hər gün Ali Baş Komandan işğaldan azad olunan rayonların və kəndlərimizin adlarını elan edir. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün” amalına köklənən xalqımız dövlətimizin və Ali Baş Komandanın ətrafında sıx birləşib. Böyük Vətən Müharibəsinin bizim qələbəmizlə başa çatacağına, işğalçı erməni terrorçularının son nəfərinə qədər torpaqlarımızdan qovulacağına əmin olan xalqımız bütün diqqətini cəbhəyə yönəldib.
Belə bir şanlı tarixi məqamda Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafında müstəsna rolu olan Milli Olimpiya Komitəsi (MOK) Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulub, rəşadətli Ordumuza dəstək verir. Belə ki, Azərbaycan həqiqətlərinin dünyaya, xüsusilə beynəlxalq idman ictimaiyyətinə çatdırılmasında Milli Olimpiya Komitəsi də səmərəli fəaliyyət göstərir.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin müsahibəsində bu məqamlar öz əksini tapıb. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

- Çingiz müəllim, oktyabrın 1-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti olaraq, beynəlxalq idman qurumlarına cəbhədə baş verən hadisələrlə bağlı müraciət ünvanladınız. Aldığımız məlumata görə bu müraciətə əlaqədar qurumlar tərəfindən münasibət bildirilib. Bu barədə məlumat verərdiniz.

- Bəli, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin, Milli Olimpiya Komitələrinin Assosiasiyasının, İslam Həmrəyliyi İdman Federasiyasının rəhbər şəxslərinə müraciət ünvanladıq. Müraciətdə Ermənistanın 26 ildən artıq müddətdə davam edən sülh danışıqlarını kobudcasına pozması, son illərdə Azərbaycan xalqına və dövlətinə qarşı təxribatların törədilməsi, sentyabrın 27-dən başlayaraq işğal olunmuş Azərbaycan əraziləri ilə həmsərhəd bölgələrdə atəşkəs rejiminin kobud şəkildə pozulması, o cümlədən yaşayış ərazilərinin Ermənistan hərbi qüvvələri tərəfindən ağır artilleriya atəşi və raket hücumuna məruz qalması qeyd olunurdu. Biz Ermənistanın beynəlxalq prinsiplər və Olimpizm dəyərlərinə zidd olan bu hərəkətlərinin idman ictimaiyyəti arasında kəskin etiraza səbəb olduğunu da diqqətə çatdırmışdıq. Müraciətdə Ermənistan tərəfinin insanlıq əleyhinə yönəlmiş çoxsaylı təcavüzkar hərəkətləri pislənilirdi. Beynəlxalq təşkilatları ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün, Azərbaycanın beynəlxalq hüquq və prinsiplər çərçivəsində haqlı mövqeyini dəstəkləməyə çağırırdıq.
Bu müraciətimizə münasibət bildirən qurumların və məsul şəxslərin sayı artmaqdadır. Müraciətə cavab olaraq, MOK-un əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistan arasındakı vəziyyətin, tezliklə siyasi və sülh yolu ilə ədalətli həllinin tapılacağına ümid etdiklərini vurğulayıblar.

- Həmişə idmanı siyasətdən kənar hesab edirlər. Amma idman bütün sahələr arasında beynəlxalq səviyyədə əhatə dairəsinə, kütləviliyinə görə bəlkə də birincilər sırasındadır. Bu baxımdan torpaqlarımızın erməni işğalından azad edilməsi ilə bağlı beynəlxalq idman təşkilatlarının da rəyi vacib idi.

- Bilirsiniz ki, Olimpiya Hərəkatı doğurdan da, bitərəf hərəkatdır. İdman siyasətdən kənardadır. Bir çox hallarda bunun şahidi də olmuşuq. Yadınızdadırsa, 2015-ci ildə Bakıda I Avropa Oyunları keçiriləndə bir çox maraqlı qüvvələr bizə qarşı çıxmışdılar. Bu Oyunların keçirilməsinə mane olmaq istəyirdilər. Lakin Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi bu maneələrə baxmayaraq, bu mötəbər tədbirin Bakıda keçirilməsinə nail oldu. Bu baxımdan Azərbaycanın erməni işğalı altında olan torpaqlarını azad etmək uğrundakı haqq mübarizəsi ilə bağlı beynəlxalq idman qurumlarına müraciət göndərəndən sonra onların bizə verəcəyi cavab əhəmiyyətli idi. Çünki onlardan hər hansı bir tərəfin dəstəklənməsini gözləmirdik. Bir daha əmin olmaq istəyirdik ki, onlar doğrudan da ədalətin, haqqın tərəfindədirlər və sülhün tərəfdarıdırlar. Bizi dəstəkləyən, hətta dəstəkləməyən müxtəlif səviyyəli beynəlxalq qurumlar da yaxşı bilirlər ki, bu müharibədə Azərbaycan birmənalı olaraq, ədalətli tərəfdir. Müraciətdən əlavə mən idman sahəsində böyük nüfuzu olan insanlarla da danışmışam. Hamı bu hadisələrdən xəbərdardır və Azərbaycanın haqq işini dəstəklədiklərini bildirirlər.


 

"Əminik ki,
Azərbaycan mütləq qələbə qazanacaq”


- Pandemiya dövründə bütün dünyada idman tədbirlərinin keçirilməsi səngisə də, təbii ki, həyat davam edir və tezliklə həm ölkə, həm də beynəlxalq idman tədbirlərinin keçirilməsinə başlanacaq. Bu yarışlarda Azərbaycan idmançıları bəzən erməni rəqibləri ilə yenə də üz-üzə gələcəklər. Yəqin ki, ermənilərin müharibədəki məğlubiyyəti onların aqressiv və təxribatçı xarakterini daha çox üzə çıxaracaq.

- Əlbəttə, müharibə gec-tez bizim qələbəmizlə başa çatacaq. İdman yarışlarında isə bu "müharibə” davam edəcək. Müharibə başlamazdan əvvəl də belə gərginlik həmişə tərəflər arasında olub. Biz də hər hansı bir yarışa yollananda və biləndə ki, burada erməni idmançıları da ola bilər, belə halda etibarlı təhlükəsizlik işlərini görməliyik. Təxribatçılıq ermənilərin qanındadır. Milli Olimpiya Komitəsi ev sahibliyi etdiyimiz beynəlxalq yarışlar zamanı əlaqədar təşkilatlarla birlikdə erməni təxribatının qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirir. Ermənilər hər hansı bir dırnaqarası səbəblə arenalarda təxribata cəhd edə bilərlər. Mən həmişə demişəm ki, bu təxribatların qarşısını almağın yeganə yolu idman yarışlarında onlara qalib gəlməkdir. Elə Böyük Vətən Müharibəsində də ermənilərə qalib gəlməklə, onların xaincəsinə törətdikləri təxribatların qarşısını alacağıq. İndi müharibədən, qələbələrdən danışırıq. Hesab edirəm ki, artıq Azərbaycan ən böyük qələbəsini qazanıb. Azərbaycan öz qürurunu özünə qaytarıb, döyüş meydanlarında özünün şanlı tarixini yazır. Azərbaycan əsgəri misilsiz qəhrəmanlıqla öz qanı, canı bahasına torpaqlarımızı erməni işğalından azad edir və sonadək azad edəcək. İgid əsgərlərimiz arasında ölkəmizin idman ictimaiyyətinin nümayəndələri də var. Bu, çox əhəmiyyətli bir məsələdir. Hərdən biz görürdük ki, Azərbaycan idmançısı erməni rəqibi ilə yarışlara çıxanda özünü bir o qədər də qürurlu hiss etmirdi. Biz bu qələbəni qazandıq, artıq idmançılarımız yarışlara qürurla çıxacaqlar. İdmançımız erməni ilə yarışa çıxanda qisas almaq istəyirdisə, indi daha çox güclü olduğunu rəqiblə mübarizədə təsdiq edəcək. Bu imicin formalaşması həm idmançılarımız, həm də Azərbaycan xalqı üçün çox vacib idi.

- Əlbəttə, bizim güclü idmançılarımız hər zaman olub.

- Yeri gəlmişkən, bir məqam yadıma düşdü. İdmançılarla görüşlərin birində ulu öndər Heydər Əliyev demişdi: "Mən SSRİ dövründə Moskvada çalışanda soruşdum ki, SSRİ yığma komandalarının tərkibində niyə azərbaycanlı idmançılar yoxdur? Mənə cavab verdilər ki, azərbaycanlılar idmana meylli deyillər. Onların idman bacarıqları yoxdur”. Ümummilli lider məhz ikinci dəfə hakimiyyətə gəldikdən sonra idmana xüsusi diqqət yetirdi. 1997-ci ildə cənab İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra biz dünyaya sübut etdik ki, Azərbaycan xalqı idmana meyllidir və Azərbaycan idmançıları güclüdürlər. Biz bu gün də sübut etdik ki, xalqımız və Ordumuz güclüdür. Haqq işi uğrunda mübarizəmizdə ermənilərin özlərinin güclü olması ilə bağlı fikirlərini də darmadağın etdik.

- Çingiz müəllim, Orduya yollanmaq üçün könüllü müraciət edən gənclərimizin sayı yetərincədir. Onların arasında idmançılara da rast gəlirik. Bu o deməkdir ki, Azərbaycan idmançısı özünü bu dəfə əsl döyüşdə sübut etmək istəyir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Hazırda döyüşlərə könüllü yollanan gənclərimizdə vətənpərvərlik ruhu çox yüksək səviyyədədir. Onlar bu mübarizədə qalib gəlmək, Azərbaycan bayrağını yüksəltmək əzmindədirlər. Azərbaycan idmançısı bütün həyatı boyu ölkəmizin idman şərəfini qorumaqla məşğul olub. Bu gün isə Azərbaycan idmançısı Vətənin özünü qorumaqla məşğuldur. Bu təbii haldır ki, belə bir şərait yarananda, Vətən uğrunda mübarizə başlayanda idmançılar da ön cəbhəyə getməlidirlər. Əgər cənab Prezident hər bir azərbaycanlının prezidentidirsə, idmançıların ikiqat prezidentidir. Çünki cənab Prezident həm də bizim idman hərəkatımızın rəhbəridir. Hər bir idmançı idmanda qazandığı uğurlarına görə cənab Prezidentə borcludur. Məhz buna görə də, onların ruh yüksəkliyi çox böyükdür. Mən cəbhədə olan idmançılarımızın adlarını çəkmək istəmirəm. Onların arasında şəhid olan, yaralanan idmançılarımız da var. Bizim şəhidlərimizin ruhu şad olsun! Biz Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və müxtəlif idman federasiyaları olaraq Ordumuza dəstək olmağa çalışırıq.

 

""Qarabağ” dünyada yeganə klubdur ki,
bu klubun ərazisi
işğal olunub”


- Qarabağ sözünü dünyada həm də Ağdamın "Qarabağ” futbol klubu tanıtdı. Hətta bəzən xarici ölkə mətbuatında belə yazılar gedir ki, dünyada öz şəhərində oynamayan yeganə futbol klubudur. Qarabağ - bu adı daşıyan Ağdam klubunun uğurlarının həqiqətləri dünyaya çatdırılmasında rolunu necə qiymətləndirirsiniz?

- "Qarabağ” futbol klubu bizim uğurumuzdur. Komanda öz oyunu ilə həm Azərbaycan xalqını, həm də Azərbaycandan kənarda olan azarkeşlərini sevindirir. Biz ümid edirik ki, müharibə tezliklə başa çatacaq və biz "Qarabağ” futbol klubunun ən böyük təntənəsini Ağdam stadionunda qeyd edəcəyik. Siz qeyd etdiniz ki, bu bəlkə də dünyada yeganə klubdur ki, öz ərazisində, öz şəhərində, öz stadionunda oynamır. Mən bunu başqa cür deyərdim. "Qarabağ” dünyada yeganə klubdur ki, bu klubun ərazisi işğal olunub. Yəni işğal şəraitində, bu qədər gözəl oyun nümayiş etdirən bir klubdur. Bizim üçün çox maraqlı və simvolik bir hadisə olardı ki, müharibə qurtaran kimi Qarabağda yeni bir stadion inşa olunsun, "Qarabağ” ən vacib oyunlarını məhz bu stadionda keçirsin və artıq "Qarabağ-Ağdam - Azərbaycan” yazılsın.

- Çingiz müəllim, məlumdur ki, Tokio Yay Olimpiya Oyunları pandemiya səbəbindən bu il təxirə salındı. Planetin ən böyük idman tədbirinin növbəti il keçirilməsi ilə bağlı qərar verildi. Sizcə Olimpiadanın keçirilməsi ilə bağlı hansı məsələlər müzakirə olunur?

- Burada məsələ çox qarışıqdır. Bu il ümid var idi ki, oktyabr-noyabr aylarında təsnifat yarışları başlasın. Lakin koronavirus yenidən buna mane oldu. Bilirsiniz ki, Olimpiadaya ev sahibliyi edəcək Yaponiyada hakimiyyət dəyişikliyi baş verdi. Ölkədə yeni baş nazir seçildi. Yeni baş nazir Olimpiya Oyunlarının nəyin bahasına olursa-olsun keçiriləcəyində israrlıdır. Bu idman tədbiri mütləq keçiriləcək. Amma necə və hansı şəraitdə, bax bu hələ məlum deyil. Hər şey koronavirusun həmin anda hansı səviyyədə olacağından asılıdır.

- Çingiz müəllim, Milli Ordumuz döyüş meydanlarında düşmənə qalib gələrək torpaqlarımızı hissə-hissə erməni işğalçılarından azad edir. Ermənilər isə bu məğlubiyyətin acısına dözməyərək, öz xain xislətlərinə sadiq qalaraq sərhəd bölgəsindən uzaqda yerləşən şəhər və rayonlarımızı, kəndlərimizi raket atəşinə tuturlar. Mülki əhaliyə qarşı törədilənlər hərbi cinayət və terror hadisələridir. Ölkəmizin ikinci böyük şəhəri olan Gəncənin iki dəfə ermənilərin raketlə terror hücumuna məruz qalması, itkilərimizin olması, bütövlükdə Ermənistanın bütün dünyada terrorçu dövlət kimi tanınması üçün yetərli deyilmi?

- Əgər qadağan olunmuş raketlərlə terror hücumları dövlət səviyyəsində aparılırsa, bunun başqa bir adı varmı? Cəbhə bölgəsində nə baş verib-verməməsindən asılı olmayaraq, Ermənistan mahiyyət etibarilə birmənalı olaraq, terrorçu dövlətdir. Əlbəttə, mülki əhalinin yaşadığı Gəncəyə və digər yaşayış məntəqələrimizə xain düşmən hücumlarını qətiyyətlə pisləyirik. Bu vəhşiliklər yolverilməz hərbi cinayətlər və terrordur. Hesab edirəm ki, bütün tərəqqipərvər bəşəriyyət ermənilərin dinc əhaliyə qarşı həyata keçirdiyi bu terrora görə öz haqq səsini qaldırmalıdır. Terrorçunu müdafiə etmək, öz etiraz səsini qaldırmamaq ümumbəşəri dəyərlərə arxa çevirməkdir. Hətta bir günahsız insanın belə terror nəticəsində ölümü insanlıq üçün fəlakətdir. İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz döyüş meydanlarındakı qələbələri davam etdirərək, bütün işğal altındakı torpaqlarımızı tezliklə azad edəcək, erməni terrorçularını doğma torpaqlarımızın ərazisindən birdəfəlik qovacaqdır. Qarabağ Azərbaycandır!