Azad Rəhimov vəfat etdi

Azad Rəhimov vəfat etdi

Gənclər və İdman naziri Azad Rəhimov vəfat edib.

Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova sosial şəbəkədə məlumat paylaşıb.​

Qeyd edək ki, nazir bir müddətdir ki, ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu.

Rəhimov Azad Arif oğlu 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 1971-1981-ci illərdə Bakı şəhərində,​ 134 saylı məktəbdə orta təhsil alıb.

1981-1986-cı​ illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində​ ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub.​

1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin № 175 nömrəli, 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilib.​

Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin​ medalları ilə təltif edilib.

Mərhumun bir övladı var.

Allah rəhmət eləsin!