12 boksçumuzdan 10-u fəxri kürsüdə yer aldı

​​​​​​

12 boksçumuzdan 10-u fəxri kürsüdə yer aldı  ​​​​​​

Belarusun paytaxtı Minskdə yeniyetmə boksçular arasında Vladimir Botvinnikin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. 8 ölkədən 120-dən çox idmançının mübarizə apardığı yarışda Azərbaycan boksçuları da qüvvələrini sınayıblar.​ ​ Turnirdə baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Vüqar Məmmədovun rəhbərliyi altında 12 (10 oğlan, 2 qız) boksçumuz mübarizə aparıb. Onlardan 10-u çıxışını medalla başa vurub. Yığmamız 3 qızıl, 2 gümüş və 5 bürünc medala sahib çıxıb.

Finalda boksçularımızdan Kənan Babayev (48 kq) Humoionmirzo Abdurasulovu (Özbəkistan), Məhəmmədəli Qasımzadə (54 kq) Fərrux Tulağanovu (Özbəkistan), Emili Rzayeva (63 kq) Anna Seredanı (Belarus) məğlub edərək, qalib adına yiyələniblər.

Həlledici görüşdə məğlub olan Mahir Süleymanovla (52 kq), Fərhad Şeydayev (63 kq) gümüş medalla kifayətləniblər. Tofiq Quliyev (46 kq), Əvəz Əliyev (50 kq), Fuad Babayev (60 kq), Sənan Hətəmov (63 kq) və Liliya Bulatova (57 kq) isə bürünc medala sahib olublar.

Yığmamız yarışın yekunlarına görə, Belarus və Özbəkistandan sonra komanda hesabında üçüncü yeri tutub.

Qeyd edək ki, turnirdə iştirak iyulda Tbilisidə keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyıb.