Tokio Olimpiadasının daha 19 iştirakçısında koronavirusa yoluxma halı qeyd alınıb. Virusa yoluxanlar arasında idmançılar da var.
Onlardan üçü Atletlər kəndində yaşayan rezidentlərdir. Qeyd edilir ki, COVID-19 virusunun aşkar edildiyi şəxslərdən üçü əcnəbi idmançı, üçü əcnəbi jurnalist, 10-u Olimpiya nümayəndə heyətinin üzvü və daha üçü müqavilə ilə işləyən əməkdaşlardır.
Beləliklə, iyulun 23-dək olan məlumata görə Olimpiya Oyunları ilə birbaşa əlaqəli olan şəxslər arasında koronavirusa yoluxanların sayı ümumilikdə 110 nəfərə çatıb. Onlardan 56-sı Yaponiya sakini, 54-ü isə əcnəbidir. Həmçinin bildirilir ki, virusa yoluxanlar arasında 13 idmançı, 8 KİV nümayəndəsi və bir könüllü var. Onlardan yalnız 12-si Atletlər kəndə yaşayır.
Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Tokio Olimpiadası koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınıb. Bu gün rəsmi açılış mərasimi keçiriləcək Olimpiya Oyunları avqustun 8-də başa çatacaq. Açılış mərasimində təqribən 950 nəfərin iştirak edəcəyi gözlənilir.