Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında yarışlara qoşulmayıb. Səbəb kimi paralimpiyaçının zədələnməsi göstərilir.
Belə ki, Mehman Ramazanzadə isinmə hərəkətlərində xəsarət aldığı üçün yarışlardan kənarda qalıb. Üzündən və çiynindən zədə alan idmançı meydanı xərəkdə tərk edib. Onun son durumunun yaxşı olduğu bildirilib.
Qeyd edək ki, qış idman növləri üzrə yığmanın üzvü kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınamalı idi.
Məlumat üçün bildirək ki, Mehman Ramazanzadə Pekin-2008 Yay Paralimpiya Oyunlarının da iştirakçısı olub. O, həmin vaxt pouerliftinqdə qüvvəsini sınayıb. Bundan başqa, Ramazanzadə 2019-cu ildə paravelosiped idman növü üzrə dünya çempionatında mübarizə aparıb.
Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq.