"Ədalətli Oyunlar Komissiyasının tədbirindən xəbərim vardı, ancaq mənə mükafat veriləcəyindən xəbərim yox idi. Bu mükafatın mənə verilməsi mənim üçün bir şərəfdir. Mükafatın adından da bəlli olduğu kimi, ədalətli olub. Bildiyim qədəri ilə səsvermə ilə mən seçilmişəm. Xalqın gözü tərəzidir. Şadam ki, hələ də xalq tərəfindən sevilirəm. Hər bir idmançıya bu mükafatı arzulayardım".
OlimpNews.Az oxu.az-a istinadən bildirir ki, bunu Azərbaycanın tanınmış karateçisi Rafael Ağayev deyib.
Olimpiya mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu bu gün Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən Ədalətli oyun prinsiplərinə sadiq idmançı kimi mükafatlandırılıb. O 25-29 may tarixlərində Türkiyənin Qaziantep şəhərində keçiriləcək Avropa çempionatında çıxış edəcəyini bildirib:
"Ötən ilin sonlarında Dubayda dünya çempionatında iştirak etmişəm. Burada Olimpiadada uduzdurulduğum italyan karateçi Luici Buza ilə üz-üzə gəlmək niyyətində idim. Elə oldu ki, o da dünya çempionatına qatıla bilmədi. Mən də orada çıxışımı erkən başa vurdum. Üçüncü görüşümdə ABŞ təmsilçisi Skott Tomasla heç-heçə etdim. Hakimlərin qərarına əsasən rəqib qalib elan olundu. Referilərin görüşü mənə verəcəyini düşünürdüm. Elə alındı ki, hakimlərin beşi də qələbəni ABŞ təmsilçisinə verdi. Bundan sonra hansısa yarışda iştirak etməmişəm. 5-6 aydır ki, karate məşqi etmirəm. Son 2-3 həftədir ki, hazırlıqlara başlamışam".
Rafael Ağayev peşəkar karyerasını yavaş-yavaş sonlandırmaq istədiyini vurğulayıb:
"Hər il 3-4 yarışa qatılmalıyam. Çünki "Adidas" şirkəti ilə müqaviləm var. Buna görə məcburən çıxış edirəm. Artıq "Karate Combat"da özümü sınayıram. Burada il ərzində 3-4 döyüşüm olur. Bu, tam başqa adrenalindir. İlk iki döyüşümdə hər şey qaydasında olub. Üçüncü rəqibim də bəllidir, amma adını açıqlaya bilmərəm. Yaxın günlərdə biləcəksiniz. İdman sürprizlərlə doludur. İndi desəm ki, gələn ilin yanvarında karyeramı bitirəcəyəm, yalan olar. Elə zədələr var ki, vaxtından əvvəl idmanla vidalaşa bilərsən. Amma Ümumdünya Karate Federasiyasının (WKF) yarışlarında iştiraka yavaş-yavaş son qoyacağam. Çünki planlarım var və düşünürəm ki, federasiya məni başa düşəcək. Azərbaycan Milli Karate Federasiyasında vitse-prezident və ya baş məşqçi ola bilərəm. Yəqin ki, boş qalmaram. Amma "Karate Combat"da ən azı iki il mübarizə aparacağam".
Qeyd edək ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Rafael Ağayevə bu mükafatın verilməsini onun Olimpiadada çıxışı ilə əlaqələndirib.