Şahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən "Olimpnews"a verilən məlumata görə, 3 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat İdman Məktəbində təşkil edilən turnirdə ümumilikdə medallar uğrunda 314 nəfər (193 oğlan, 121 qız iştirakçı) mübarizə aparıb.
Turnirin bağlanış mərasimində AŞF-in prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Sonra o, federasiyanın 1-ci Vitse-prezidentii Faiq Həsənovla birlikdə qaliblərə diplom və medalları təqdim edib.
Yekun nəticəyə əsasən, Ayşən Abdullayeva, Yasin Əzimov (8 yaşlılar), Əsnad Baxşızadə, Ömər Qarayev (10 yaşlılar), Lalə Hüseynova, Paşam Əlizadə (12 yaşlılar), Nərmin Abdinova, Tunar Davudov (14 yaşlılar), Nazlı Hümbətova, Şiroğlan Talıbov (16 yaşlılar), Nəsrin Babayeva və Xəzər Babazadə (18 yaşlılar) müvafiq yaş kateqoriyasında Azərbaycan çempionatının qalibi adını qazanıb.
Müxtəlif yaş kateqoriyasında Banu Abdullayeva, Şəfa Hümmətov, Məryəm Baxışova, Mirnamiq Ağazadə, Ayan Hüseynli, Murad Mehtizadə, Nurtan Nuriyeva, Hüseyn Əhmədzadə, Aydan Şükürova, Süleyman Süleymanlı, Mələk İsmayıl və Fərid Mustafayev ikinci yeri tutub.
Aylin Adıgözəlli, Bəxtiyar Cəfərli, Ayla Həmzəyeva, Lətif Muradlı, Xanım İsmayılova, Yusif Kərimli, Zərifə Abbasova, Rüstəm Rüstəmov, Aysel Cəfərova, Hüseyn Seyid, Səbinə Rzalı və İsmayıl Qurbanov yarışı üçüncü yerdə başa vurub.
Çempionatda hər kateqoriya üzrə ilk üç yeri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunub. Federasiya qaliblərə pul mükafatı verib. I yeri tutan şahmatçılar 2022-ci il müvafiq yaş qruplarında dünya çempionatına, II yeri tutan şahmatçılar isə Avropa çempionatında ölkəmizi təmsil edəcək.