“Neftçi İdman Klubu” 2022-ci ildə böyük uğurlara imza atıb

“Neftçi İdman Klubu” 2022-ci ildə böyük uğurlara imza atıb

“Neftçi İdman Klubu” üçün 2022-ci il yaddaqalan illərdən biri olub.  Ötən il klubumuz çoxsaylı uğurlar əldə edib. İl ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 26 növü üzrə 102 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də yüzlərlə neftçi idmanla məşğul olub.
Bu müddət ərzində SOCAR-ın strukturuna daxil olan işçilər arasında klubumuz tərəfindən voleybol (20 Yanvar şəhidlərinin xatirəsinə və 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş turnirlər), mini futbol (28 May - Müstəqillik Gününə və Neftçilər Gününə həsr olunmuş turnirlər), “Atam, anam və mən” (1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) və piyada turizm üzrə idman tədbirləri təşkil olunub ki, bu yarışlarda da mindən artıq insan iştirak edib.
Bu tədbirlərdən ən möhtəşəmi və təntənəli qeyd olunanı isə 20 sentyabr - Neftçilər Gününə həsr olunmuş SOCAR-2022 minifutbol turniri olub. SOCAR-ın dəstəyi, “Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesinin işçiləri arasında keçirilən və avqustun 13-dən sentyabrın 24-dək davam edən SOCAR-2022 minifutbol turnirində 32 komandanın tərkibində 400-ə yaxın neftçi iştirak edib.


Peşəkar idmançıların 
hazırlığı sahəsində
çoxsaylı uğurlar əldə edilib

Yola saldığımız ildə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində cüdo, yunan-Roma güləşi, akrobatika, sərbəst güləş, mini futbol və şahmat idman növləri üzrə “Neftçi İdman Klubu”nun açıq birincilikləri təşkil olunub ki, bu yarışlarda da yüzlərlə idmançı medallar uğrunda mübarizə aparıb.
Klubun idmançıları il ərzində yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa, dünya çempionatlarında, həmçinin V İslam Həmrəyliyi Oyunları və beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər. 
2022-ci ildə idmançılarımız böyük əzmkarlıq nümayiş etdirərək 933 (335 qızıl, 262 gümüş, 336 bürünc) medala sahib olublar. Bu medallardan 46-sı (12 qızıl, 16 gümüş, 18 bürünc) dünya çempionatlarında, 93-ü (31 qızıl, 22 gümüş, 40 bürünc) Avropa çempionatlarında, 23-ü (14 qızıl, 6 gümüş, 3 bürünc) V İslam Həmrəyliyi Oyunlarında, 5-i (4 qızıl,1 gümüş) isə IV Dünya Köçəri Oyunlarında əldə olunub.
Avqust ayında Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 99 medal qazanıblar. Bu medallardan 23-ü klubumuzun təmsilçilərinə məxsus olub. Qızıl medallara Hacı Əliyev, Turan Bayramov (hər ikisi sərbəst güləş), Eldəniz Əzizli,  Həsrət Cəfərov (hər ikisi yunan-Roma güləşi) və Balabəy Ağayev (cüdo) sahib olublar.  Ülvü Qənizadə, Murad Məmmədov, Sənan Süleymanov (hamısı yunan-Roma güləşi), Nəriman  Mirzəyev, Könül Əliyeva (hər ikisi cüdo), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) gümüş, Telman Vəliyev (cüdo), Səbinə Kərimova (qılıncoynatma) və Ramiz Məmmədov (kikboksinq) isə bürünc medala layiq görülüblər.
Əldə olunan medallardan doqquzunu isə idmançılarımız komanda yarışlarında qazanıblar.
Oktyabrda Türkiyənin Bursa şəhərində keçirilən IV Dünya Köçəri Oyunlarında isə klubumuzun idmançıları 4 qızıl və 1 gümüş  medal əldə ediblər. Təmsilçilərimizdən Camal Feyziyev koreş güləşi yarışında mütləq çəkidə qızıl medala yiyələnib. Əbülfəz Nəsirov (70 kq) pəhləvan güləşi, Emil Həsənov (80 kq) Qazax güləşi, Aslan Mirzəyev (+90 kq) isə aba güləşi yarışında eyni uğuru təkrarlayıb. Digər idmançımız Ceyhun Hüseynov (99 kq) isə aba güləşi yarışında gümüş medala layiq görülüb.


Ən böyük uğura
pəhləvanlarımız imza atıblar 

Yola saldığımız ildə ən böyük uğura klubumuzun güləşçiləri və cüdoçuları imza atıblar. Belə ki, mart ayında Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında klubumuzun idmançıları 3 medala sahib olublar. Yunan-Roma güləşçilərimizdən Xasay Həsənli (77 kq) qızıl, Sərxan Məmmədov (130 kq) isə bürünc medala yiyələnib. Sərbəst güləşçimiz İslam İlyasov (97 kq) isə qitə çempionatının qalibi olub.
Elə həmin ay Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatında klubumuzun təmsilçiləri 1 qızıl, 2 gümüş, 4 bürünc medala sahib olublar. Sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq) gümüş, Turan Bayramov (74 kq) isə bürünc medal qazanıb. Yunan-Roma güləşçiləri arasında Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq),Ülvü Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) isə bürünc medal əldə ediblər.
İyun ayında Rumıniyanın paytaxtı Buxarestdə 17 yaşadək güləşçilər arasında təşkil olunan Avropa birinciliyində “Neftçi İdman Klubu”nun  üzvləri 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. Güləşçilərimizdən İlyas İsayev (65 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu adını qazanıblar. Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzov (71 kq) isə nüfuzlu yarışı üçüncü yerdə başa vurub.
İyunun axırı, iyulun əvvəlində İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə U-20 Avropa birinciliyində yunan-Roma güləşçilərimizdən Nihad Quluzadə (55 kq) qızıl, Nihat Məmmədli (60 kq) və Kənan Abdullazadə (67 kq) isə bürünc medala sahib olublar. Sərbəst güləşçimiz Sabir Cəfərov (70 kq) isə qitə birinciliyinin gümüş medalına layiq görülüb.
İyulda Xorvatiyanın paytaxtı Zaqrebdə 15 yaşadək güləşçilər arasında təşkil olunan Avropa birinciliyində yunan-Roma güləşçimiz Cavad Məmmədov (62 kq) bürünc medala sahib çıxıb. 
Elə həmin ay İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya birinciliyində klubumuzun sərbəst güləşçisi İlyas İsayev (65 kq) qızıl, Ağanəzər Novruzov (71 kq) isə bürünc medala yiyələnib.
Avqustda Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 20 yaşadək güləşçilər arasında dünya birinciliyində yunan-Roma güləşçilərimizdən Nihad Quluzadə (55 kq) və Kənan Abdullazadə (67 kq) dünya çempionu tituluna sahib olub. Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşçimiz Zirəddin Bayramov (65 kq) isə dünya birinciliyinin gümüş medalına layiq görülüb.
Sentyabr ayında Fərid Cabbarov (90 kq) Rumıniyanın Konstantsa şəhərində təşkil olunan çimərlik güləşi üzrə U-20 dünya birinciliyində çempion adını qazanıb.
Həmin ay Özbəkistanın Nəmənqan şəhərində sərbəst və klassik növdə keçirilən kəmər güləşi üzrə dünya çempionatında Camal Feyziyev (+100 kq) həm klassik, həm də sərbəst stildə bürünc medallara sahib olub.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi sentyabrda Serbiyanın paytaxtı Belqradda təşkil olunan dünya çempionatında da böyük uğura imza atıb. 118 xalla komanda hesabında ikinci yeri tutan millimizin heyətində klubumuzun təmsilçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvü Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) isə bürünc medal qazanıblar. 
Oktyabr ayında İspaniyanın Pontevedra şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında klassiklərimizdən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, sərbəst güləşçilərimizdən isə İslam İlyasov (97 kq) bürünc medal qazanıb. 
Dekabr ayında Bakı İdman Sarayında keçirilən güləş üzrə Azərbaycan çempionatında klubumuzun yunan-Roma güləşçiləri 17 (2 qızıl, 7 gümüş, 8 bürünc) medal qazanaraq, komanda hesabında yarışın qalibi olublar. Bu, klubumuzun yunan-Roma güləşçilərinin 1997-ci ildən indiyədək böyüklər arasında 23-cü çempionluğu olub. Sərbəst güləşçilərimiz də bu uğuru davam etdirərək 12 (6 qızıl, 2 gümüş, 4 bürünc) medal qazanaraq, komanda hesabında birinci yeri tutublar.


Cüdoçularımız da uğurları ilə pəhləvanlarımızdan 
geri qalmadıqlarını 
sübut etdilər 

Ötən il “Neftçi İdman Klubu”nun cüdoçuları da uğurlu çıxışları ilə yadda qalıblar. Aprel ayında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən cüdo üzrə qitə çempionatında Hidayət Heydərov (73 kq) karyerasında ikinci dəfə Avropa çempionu tituluna sahib olub. Rüstəm Orucov və Məmmədəli Mehdiyev isə bürünc medala layiq görülüblər.
İyunda Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmə cüdoçuların Avropa birinciliyində klubun təmsilçisi Fidan Əlizadə (57 kq) qızıl, Aydan Vəliyeva (48 kq) isə gümüş medala sahib olub.
Cüdoçularımız iyul ayında Slovakiyanın Banska Bistritsa şəhərində təşkil olunan Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında (EYOF) 1 qızıl, 3 gümüş və 1 bürünc medala yiyələniblər. Təmsilçilərimizdən Fidan Əlizadə (57 kq) qızıl, Nurlan Kərimli (60 kq), İsmayıl Zamanov (81 kq) və Könül Əliyeva (48 kq) gümüş medala layiq görülüblər. Klubumuzun digər yetirməsi Aydan Vəliyeva (52 kq) isə yarışı üçüncü pillədə başa vurub. O, avqustda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya birinciliyində də bürünc medala sahib olub.
Çexiyanın paytaxtı Praqada gənclər arasında təşkil olunan Avropa birinciliyində 90 kq çəkidə çıxış edən Vüqar Talıbov qızıl, İsmayıl Zamanov isə bürünc medala layiq görülüb.
Oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçirilən böyüklər arasında cüdo üzrə dünya çempionatında klubumuzun iki cüdoçusu - Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medala sahib çıxıblar.  
Elə həmin ay Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan U-23 Avropa çempionatında klubumuzun üzvlərində Kənan İsmayılov (60 kq) və Könül Əliyeva (48 kq) gümüş medala layiq görülüblər.
Dekabr ayında kişilər və qadınlar arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatında təmsilçilərimiz 17 (8 qızıl, 4 gümüş, 5 bürünc) medala sahib olublar. “Neftçi İdman Klubu”nun cüdoçuları bu nəticə ilə həm kişilər, həm qadınlar arasında, eləcə də komanda hesabında birinci yeri tutublar.
Bundan əlavə, cüdoçularımız il ərzində müxtəlif ölkələrdə təşkil olunmuş “Böyük dəbilqə” və Qran-pri beynəlxalq turnirlərində də uğurla çıxış edərək ölkəmizə medallarla dönüblər.


Klubda güllə atıcılığı, 
atletika və şahmat
növlərinin də inkişafı diqqət mərkəzindədir 

Yanvar ayında klubumuzun güllə atıcısı Ruslan Lunyov Sloveniyanın Ruşe şəhərində keçirilən nüfuzlu turnirdə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında qızıl medala sahib olub. Cəmi dörd gün sonra isə Xorvatiyanın Osiyek şəhərində təşkil olunan Qran-pri yarışında idmançımız eyni növdə gümüş medal qazanıb.
Elə həmin ay klubumuzun atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərində təşkil olunan “World Indoor Tour” (Gold Level) turnirində üçtəkanla tullanma növündə 16,76 metr nəticə göstərərək gümüş medala sahib olub. 
İyunda Qırğızıstanın paytaxtı Bişkekdə atletika üzrə keçirilən beynəlxalq turnirdə isə Nazim Babayev uzunluğa tullanma yarışında 7,69 metr nəticə göstərərək qızıl medala yiyələnib. Atletimiz üçtəkanla tullanma yarışında da 16,24 metr nəticə ilə birinci yeri tutub. Həmin ay N.Babayev Qazaxıstanın Almatı şəhərində Dünya Atletikası Kontinental Turu çərçivəsindəkeçirilən beynəlxalq turnirdə üçtəkanla tullanma yarışında 17,74 metr nəticə göstərərək, gümüş medal qazanıb.
Klubumuzun zəka sahibləri də il ərzində uğurla çıxış ediblər. Təsilçilərimizdən Eltac Səfərli fevralda onlayn “Titled Tuesday Blitz” turnirində 11 turdan 9,5 xal toplayaraq, ikinci pillədə qərarlaşıb. O, may ayında İtaliyada keçirilən beynəlxalq şahmat festivalında isə üçüncü yeri tutub. E.Səfərli noyabrda Almaniyada təşkil olunan beynəlxalq turnirdə 7 turdan 6,5 xal toplayaraq qalib adını qazanıb. 
Bundan əlavə, klubumuzun təmsilçiləri müxtəlif idman növlərində də il ərzində dünya, Avropa çempionat və birinciliklərində, eləcə də digər beynəlxalq turnirlərdə yüksək nailiyyətlər qazanıblar.
2022-ci il təkmübarizlik növləri ilə yanaşı, komanda oyun növləri üzrə də uğurlu olub. Yüksək Liqada çıxış edən kişilərdən ibarət voleybol komandamız sonuncu Azərbaycan çempionatında gümüş medal qazanıb. Komandamız çimərlik voleybolu üzrə ölkə çempionatında da eyni uğuru təkrarlayıb. Bundan əlavə, voleybolçularımız “Zəfər kuboku”nun qalibi adını qazanıblar.
Futzal komandamız Yüksək Liqada 2021/2022-ci illər mövsümünün bürünc medalına layiq görülüb, Azərbaycan kubokunun isə qalibi olub.
Futbol üzrə I Divizionda çıxış edən “Qaradağ Lökbatan” komandası da 2021/2022-ci illər mövsümünün çempion titulunu qazanıb.
“Neftçi İdman Klubu” tərəfindən uşaq futbolunun inkişafına da xüsusi əhəmiyyət verilir, istedadlı uşaqlar seçilərək müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Hazırda klubda 15 məşqçinin rəhbərliyi altında 250 uşaq və yeniyetmə futbolun sirlərini öyrənir. Klubumuzun uşaq futbol komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda təmsil olunurlar.
Onu da əlavə edək ki, bugünlərdə Gənclər və İdman Nazirliyinin “İlin idman yekunları” adlı tədbirində yunan-Roma güləşçimiz Eldəniz Əzizli “İlin ən yaxşı kişi idmançısı” nominasiyasının qalibi olub. Cüdoçumuz Hidayət Heydərov isə bu nominasiya üzrə üçüncü yeri tutub.
Bu uğurlar il ərzində klubun qazandığı çoxsaylı nailiyyətlərin cüzi bir hissəsidir. Bütün bu yüksək nəticə və göstəriciləri əldə etmək SOCAR rəhbərliyinin, şəxsən Rövşən Nəcəfin idmana göstərdiyi xüsusi diqqət və qayğının sayəsində mümkün olub.


Sadıq Sadıqov,
“Neftçi İdman Klubu” 
İB idarəetmə aparatının rəhbəri,
 Əməkdar bədən tərbiyəsi 
və idman xadimi