Mayın 21-də Prezident təqaüdçüsü, Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “Qarabağın idman tarixi” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Azərbaycan İdman Akademiyasının (AİA) akt zalında keçirilən tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova,akademiyanın rektoru Fuad Hacıyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Altay Babaşov, Türk Ağsaqqalları Birliyinin sədr müavini Eyvaz Hümbətov, “Şöhrət” ordenli Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti (AİJA) Eldar İsmayılov, Olimpiya çempionları və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev“Qarabağın idman tarixi” adlıkitabın əhəmiyyətindən danışıb. O, monoqrafiyanın gələcək nəsillər üçün vacib mənbə olduğunu qeyd edib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Altay BabaşovDilqəm Quliyevin müəllifi olduğu kitabın Qarabağın idman tarixinin ənənələrinin və idmançılarının tanıdılması baxımından əhəmiyyətini yüksək qiymətləndirib.
Altay Babaşov çıxışının sonundaAzərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin fəxri fərmanını Dilqəm Quliyevə təqdim edib.
Türk Ağsaqqalları Birliyinin sədr müavini Eyvaz Hümbətov tədbir iştirakçılarını salamlayaraq,kitabın müəllifinə minnətdarlığını bildirərək, Qarabağda yenidən idman ənənəsinin bərpa olunacağına inandığını vurğulayıb.
Tədbir zamanıAzərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti (AİJA) Eldar İsmayılov və şair, publisist, Türk Ağsaqqalları Birliyi İdarə Heyətinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Tapdıq Əlibəyliçıxış edərək, kitab haqqında təəssüratlarını bölüşüb.
Sonda müəllif Dilqəm Quliyev kitabın ərsəyə gəlməsindən danışıb və tədbirin təşkili üçün akademiya rəhbərliyinə, eləcə də qonaqlara təşəkkürünü bildirib:“Kitabın yazılmasında əsas məqsəd Qarabağın respublika, beynəlxalq, dünya və Avropa çempionatlarında iştirak etmiş məşhur idmançılarının fəaliyyətini təhlil etmək, habelə, Qarabağda Olimpiya və qeyri Olimpiya idman növlərinin inkişafı üçün səyləri bundan sonra da artırmaq və kütləvi hala salmaqdır.
Qarabağlı idmançıların həyat fəaliyyətləri və idman nailiyyətləri gənclərimizə böyük örnəkdir. Qarabağın idman həyatının böyük keçmişi var. “Qarabağın idman tarixi” adlı bu kitab Qarabağda kütləvi bədən tərbiyəsi və idmanın XII əsrdən bu günümüzədək keçdiyi inkişaf yoluna işıq salır”.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki,Əməkdar jurnalist, Milli Olimpiya Komitəsinin mətbuat katibi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru, “Tərəqqi” medallı Murad Fərzəliyevin redaktorluğu ilə ərsəyə gələn kitab Qarabağın idman tarixini geniş əhatə edən ilk nəşrdir.