Paris-2024 Yay Olimpiya Oyunlarında daha bir yarış günü idmançılarımız üçün başa çatdı.
Bu gün Azərbaycan komandasının 4 idmançısı mübarizə aparıb. Təmsilçilərimiz güləş və atletika yarışlarında qüvvələrini sınayıblar.
Təmsilçilərimizdən üçü çıxışını medalsız başa vurub. Bir idmançımız isə sabah bürünc medal uğrunda yarışacaq. İdmançılarımızdan mübarizəyə ilk olaraq Mariya Stadnik (50 kq) başlayıb. Təəssüf ki, dördqat olimpiya çempionumuz iştirak etdiyi beşinci olimpiadasını medalsız başa vurub. 1/8 finalda almaniyalı Anastasiya Blavyasa qalib gələn idmançımız növbəti mərhələdə monqolustanlı Otqonjarqal Dolqorjava məğlub olub. Rəqib idmançı finala çıxa bilmədiyindən güləşçimiz də mübarizəni dayandırıb.
Yunan-Roma güləşi üzrə yarışlarda isə komandamızın üzvü Sənan Süleymanov (77 kq) ilk iki görüşünü qələbə ilə başa vurub. Mübarizəyə 1/8 finaldan başlayan idmançımız əvvəlcə Bolqarıstanı təmsil edən erməni əsilli güləşçi Aik Mnatsakanyanı, növbəti mərhələdə isə macarıstanlı Zoltan Levaylı məğlub edərək yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda qazaxıstanlı rəqibi Demeu Jadrayevə məğlub olan Sənan, qızıl medal qazanmaq şansını itirib. O, sabah bürünc medal uğrunda görüşə çıxacaq. Sənanın rəqibi təsəlliverici qarşılaşmalardan sonra müəyyənləşəcək.
Daha bir yunan-Roma güləşçimiz Sabah Şəriəti isə bu gün bürünc medal uğrunda görüşə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız iranlı Amin Mirzəzadəyə uduzaraq yarışları mükafatsız başa vurub.
Bu gün həmçinin atletimiz Anna Skidan üçün də uğursuz olub. Çəkicatma növündə mübarizə aparan təmsilçimiz 12 idmançının yer aldığı final mərhələsində son 3 cəhdindən sonra 73.66 metr göstərib. Anna Skidan bu nəticə ilə Paris-2024-ü yeddinci pillədə başa vurub.
Beləliklə, 15 idman növü üzrə 48 idmançı ilə Parisə yollanan komandamızın 33 üzvü artıq yarışlarda iştirak edib. Onlardan da 29-u medal uğrunda mübarizəni dayandırıb.
Təmsilçilərimizdən Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) cüdo yarışlarında qızıl medal qazanaraq Azərbaycan himnini səsləndiriblər. Boksçumuz Alfonso Dominqes (92 kq) və Sənan Süleymanov (77 kq) isə olimpiadada mübarizəsini davam etdirir.
A.Dominqes finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, avqustun 10-da təşkil olunacaq həlledici görüşdə özbəkistanlı Lazizbek Mullojonovla qarşılaşacaq.
Sənan Süleymanov isə sabah bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq.