Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti bürünc medalını qazanıb. Bu uğura sərbəst güləş yarışlarında mübarizə aparan Giorgi Meşvildişvili (125 kq) nail olub. 1/8 finalda misirli Diaeldin Abdelmottalebə, 1/4 finalda isə monqolustanlı Lxaqvaqerel Munxtura qalib gələn güləşçimiz yarımfinalda gürcüstanlı Geno Petriaşviliyə uduzub. Üçüncü yer uğrunda görüşdə isə pəhləvanımız polşalı Robert Baranla qarşılaşıb. Görüşü 9:3 hesablı qələbə ilə başa vuran Giorgi Meşvildişvili Olimpiya komandamıza 6-cı medalı qazandırıb.
Xatırladaq ki, daha əvvəl komandamızın üzvlərindən Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) cüdo yarışlarında qızıl medal qazanaraq Azərbaycan himnini səsləndiriblər. Taekvondoçumuz Qaşım Maqomedov (58 kq) və boksçumuz Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına sabah yekun vurulacaq.
Sərbəst güləşçimiz Paris-2024-ün bürünc medalına sahib çıxdı














