Oktyabrın 10-da Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında yeniyetmə voleybolçular üçün Beynəlxalq Olimpiya Komitəsinin tələb və tövsiyələrinə uyğun olaraq “Təhlükəsiz idman” mövzusunda maarifləndirmə və təbliğat işləri ilə bağlı təlim keçirilib.
Təlimin əvvəlində iştirakçılara mövzu ilə bağlı video çarxlar nümayiş etdirilib.
Ardınca çıxış edən MOK-un idman şöbəsinin baş məsləhətçisi Vaqif Əliyev “Təhlükəsiz idman”ın idman siyasətində yeri və rolu, bu istiqamətdə görülmüş işlər barədə məlumat verib.
O, milli federasiyalarda təhlükəsizlik üzrə nümayəndənin olmasının vacibliyini diqqətə çatdırıb.
"Təhlükəsiz idman"ın ədalətli bərabərliyi təmin edən, bütün formalarda qısnama və zorakılıqdan azad idman demək olduğunu qeyd edən Vaqif Əliyev həmçinin iştirakçılara onların hüquqları barədə məlumat verib.
Təlimdə çıxış edən dünya və Avropa çempionatının bürünc mükafatçısı, MOK-un Atletlər Komissiyasının sədr müavini Fəridə Əzizova və "Təhlükəsiz idman" üzrə işçi heyətinin üzvü Ayan Xankişiyeva mövzunun mahiyyəti ilə bağlı danışaraq təlim iştirakçılarına tövsiyyələrini bildiriblər.
Təlimin sonunda xatirə şəkli çəkdirilib.