“Araz-Naxçıvan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan verilən məlumata görə, müxtəlif illərdə Azərbaycanın 17, 19, 21 yaşadək futbolçulardan ibarət yığmalarında, eləcə də əsas millidə çıxış etmiş Qara Qarayev mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Futbolçu ilə rəsmi müqavilə imzalanıb və o, heyət üzvlərinə təqdim olunub.
Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2009-2023-cü illərdə “Qarabağ”ın, 2023-2024-cü illər mövsümündə isə “Neftçi”nin heyətində yer alıb. Futbolçu 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.