Mariya Stadnik qadın güləşi üzrə koordinator təyin edilib

Mariya Stadnik qadın güləşi üzrə koordinator təyin edilib

Peşəkar karyerasını başa vuran dünya güləşinin canlı əfsanəsi Mariya Stadnik qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib.

Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, titullu idmançımız bundan sonra Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərəcək və zəngin təcrübəsini qadın güləşinin inkişafı yolunda istifadə edəcək.

Qeyd edək ki, Azərbaycan güləşində 17 ildən artıq xidmət etmiş, rekordlarla zəngin karyeraya sahib olan Mariya Stadnik bu günlərdə idmançı kimi peşəkar karyerasını başa vurduğunu açıqlamışdı.

İkiqat dünya, onqat Avropa çempionu və dördqat (iki gümüş və iki bürünc) Olimpiya mükafatçısı olan Mariya Stadnik Azərbaycan idmanının yeganə beşqat Olimpiada iştirakçısıdır. Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi olan titullu idmançı nəinki ölkəmizdə, dünyanın bir çox ölkələrində qadın güləşçilər üçün mübarizə əzmi, əsl idmançı intizamı və çalışqanlığı ilə nümunə olub.