Ağacan Abıyev: “Fikrimcə, saytda federasiyanın loqosu bilərəkdən saxtalaşdırılıb”

Ağacan Abıyev: “Fikrimcə, saytda federasiyanın loqosu bilərəkdən saxtalaşdırılıb”

Buyaxınlarda "haqqin.az saytında "Azərbaycan Boks Federasiyası Azərbaycanı Naxçıvansız qoyub” başlıqlı xəbər yerləşdirilmişdi. Bu məsələ ilə bağlı məlumat əldə etmək üçün Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Ağacan Abıyevlə görüşdük. Təcrübəli boks mütəxəssisi məsələyə aydınlıq gətirdi. O, bizimlə söhbətində federasiyanın rəsmi loqosunda da Naxçıvan Muxtar Respublikasının Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərildiyini vurğuladı.


- Ağacan müəllim, ictimaiyyəti çaşdıran bu məsələyə münasibətinizi bilmək istərdik.

- Federasiyanın rəsmi loqosunda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərilib. Beynəlxalq Boks Federasiyasının rəsmi saytına da baxmaqla bunun şahidi olmaq mümkündür. Azərbaycan Boks Federasiyasına aid çoxlu sayda sənədlər var. Bu sənədlərin hər birində üç loqo olur - Beynəlxalq Boks Federasiyasının, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Boks Federasiyasının loqosu. Bu loqolar tarixi sənədlərdə də öz əksini tapır. Lazım gələrsə həmin sənədləri, diplomları sübut üçün göstərə bilərəm. Bu sənədlərin heç birində Naxçıvan Azərbaycandan ayrı göstərilməyib. Azərbaycan Boks Federasiyasının inzibati binasının qarşısında böyük loqo asılıb. Orada Azərbaycan Respublikasının xəritəsi tam reallıqla əks olunub. Bir daha qeyd edim ki, hər bir sənəddə, idman geyimində Boks Federasiyasının loqosu necə lazımdırsa, eləcə də əks olunub. Haqqın.az saytında göstərilən loqo heç bir reallığa uyğun gəlmir. Saytda göstərilən idman geyim forması Azərbaycan Boks Federasiyasına aid deyil.
Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən boksçuların geyimlərində də Naxçıvanı məhz respublikamızın tərkib hissəsi kimi göstərən loqo əks olunub. Xəbərdə fotosu verilən loqonun ABF-ə heç bir aidiyyatı yoxdur. Bu, çox güman ki, ayrı-ayrı fiziki şəxslərin tikiş sexlərində istehsal edilərək satılan və federasiya ilə bağlılığı olmayan idman geyimidir. ABF-nin bütün milli komandaları eyni dəst formada çıxış edirlər və onların geyimlərində ABF-in rəsmi loqosu əks olunub. Bu işi görən şəxslər federasiyanı nüfuzdan salmağa çalışırlar. Mən hətta bunu edən şəxslərin azərbaycanlı olduqlarına inanmıram. Heç bir normal Azərbaycan vətəndaşı belə bir hərəkət etməz.


- Ümumiyyətlə bu cür halların baş verməməsi üçün Azərbaycan Boks Federasiyası hansı tədbirlər görür? İstehsal olunan geyimlərə nəzarət olunurmu?
- Şübhəsiz ki, biz boksçularımız üçün istehsal olunan bütün geyimləri, avdanlıqları nəzarətdə saxlayırıq. Çalışırıq ki, heç bir yanılışlığa yol verilməsin. Xüsusi vurğulamaq istərdim ki, indiyədək Azərbaycan boksçularının istifadə etdikləri aksessuarlarda, idman geyimlərində hər bir xırdalıq nəzərə alınıb. Bundan sonra da belə olacaq. Saytda verilən loqoya diqqətlə baxdıqda açıq-aşkar saxta olduğu və çox kobud şəkildə işləndiyini görmək olar. Fikrimcə, bu, saxtakarlıqdır. Sanki rəng loqonun üzərinə əl ilə çəkilib. Düşünürəm ki, o geyimi bizim idmançılarımız geyinməz. Çünki bu geyim onlara yaraşmır. Necə oldu ki, bütün sənədlərdə, diplomlarda, idman geyimlərindəki loqoda Azərbaycan xəritəsi tam reallığı ilə göstərilib, amma həmin saytda təqdim olunan loqoda Naxçıvansız verilib?! Belə bir şey heç vaxt ola bilməz. Bizim federasiyamızda belə geyimlər və belə loqo heç vaxt olmayıb. Biz hər zaman yarışlar ərəfəsində proqram hazırlayırıq. Bu proqramlarda həmişə Azərbaycan haqqında, milli mədəniyyətimiz, tarixi abidələrimiz, xəritəmiz barədə informasiya veririk. Hətta yaxşı yadımdadır ki, yarışların birində Qarabağı xəritədə alovun içərisində vermişdik. Bununla biz işğal altında olan torpaqlarımızın bizim üçün böyük ağrı olduğunu diqqətə çatdırmaq istəyirdik. Beynəlxalq Boks Federasiyasının nümayəndələri bu barədə soruşduqda onlara da bunu Qarabağın ermənilərin işğalı altında olduğunu göstərmək üçün qeyd etdiyimizi bildirmişdik. İndi necə ola bilər ki, idman geyiminin üzərində Azərbaycan Boks Federasiyasına məxsus olan loqoda Naxçıvan göstərilməsin. Bu, mümkün deyil. Federasiya üzvləri və məşqçilər belə məsələlərə çox ciddi nəzarət edirlər. Federasiyada belə bir hal heç vaxt olmayıb. Bu məsələ mənə də maraqlıdır ki, axı bu geyim necə və hansı şəraitdə hazırlanıb? Mən başa düşə bilmirəm ki, belə xoşagəlməz işləri görmək nəyə lazımdır? Hətta Boks Federasiyasının rəsmi möhürünün üzərindəki loqoya baxsaq Azərbaycan xəritəsinin tam reallıqla əks olunduğunu görmək olar. Həmin saytdakı loqoya baxdıqda sonradan xüsusi proqram vasitəsi ilə hazırlandığını açıq aydın görmək olur. Həmin şəxslər Azərbaycan Boks Federasiyasının nüfuzundan istifadə edərək özlərinə ucuz reklam qazanmaq istəyirlər. Yenə də qeyd edirəm ki, Azərbaycan Boks Federasiyasında elə bir idman geyimi yoxdur. Hətta saxta loqoda əks olunan ulduzda da fərqlər var. Diqqətlə baxdıqda fərqlərin olduğunu açıq-aydın görmək olur. Həmin saytda yerləşdirilən xəbərdə boksçularımızın şəkli də verilib. Maraqlıdır ki, idmançıların geydiyi formanın üzərində federasiyanın rəsmi loqosu tam reallığı ilə əks olunub. Düşünürəm ki, saxta loqo barədə yazanlar özləri də bilmədən saxtakarlıqlarını ortaya qoyublar.

- Ağacan müəllim, bu xəbər haqqında məlumatı necə əldə etdiniz?

- Saytın əməkdaşları zəng edərək bildirdilər ki, Azərbaycan Boks Federasiyasının loqosunda Naxçıvan Muxtar Respublikası yaddan çıxıb. Fikrimcə, bu loqonu həmin saytın əməkdaşları, bu xəbəri yazanlar yaradıb. Bu xəbəri yazanın coğrafiyadan anlayışı yoxdur ki, belə ciddi bir səhvə yol verib. Fikrimcə, saytda federasiyanın loqosunu bilərəkdən saxtalaşdırıblar və belə xoşagəlməz işlərə siyasi don geyindirmək düzgün deyil. Belə insanlara sözüm odur ki, onlar ilk öncə Azərbaycanı sevsinlər və Azərbaycanı qorusunlar.
Anar Əhmədov