Gələn il mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunları nəzdində fəaliyyət göstərəcək könüllülük proqramına qeydiyyata start verilib.
Olimpnews.az saytının məlumatına görə, IV İslam Həmrəylik Oyunlarında könüllülük fəaliyyətinə qoşulmaq istəyən şəxslər rəsmi internet səhifəsindən qeydiyyatdan keçməli, müsahibə və təlimlərdə iştirak etməlidirlər.
Könüllü seçiləcək gənclər "Bakı-2017”də müxtəlif sahələrdə, o cümlədən qonaqların qarşılanması, akkreditasiya, media, idman, texnologiya, nəqliyyat, məkanın idarə olunması, işçi qüvvəsi, milli Olimpiya komitələri, təhlükəsizlik və protokol kimi sahələrdə çalışaraq böyük təcrübə əldə edəcəklər.
Bakı-2017-nin Əməliyyat Komitəsi fəal, həvəsli, məsuliyyətli, xeyirxah, mehriban, ünsiyyət qurmağı bacaran, komandada işləmək qabiliyyəti olan gəncləri IV İslam Həmrəylik Oyunlarının bir hissəsi olmağa dəvət edir.
Könüllü olmaq üçün http://baku2017.com/volunteers səhifəsində qeydiyyat prosesini tamamlamış namizədlər müsahibə mərhələsindən uğurla keçdikdən sonra Əməliyyat Komitəsinin peşəkarları tərəfindən aparılan bir sıra təlimlərə cəlb olunacaqlar. Bununla da onlar könüllülük fəaliyyəti üçün tələb olunan yüksək göstəricilərə yiyələnəcəklər.
Son dövrlər beynəlxalq tədbirlərin uğurla keçirilməsində minlərlə könüllünün rolu əvəzolunmazdır. IV İslam Həmrəylik Oyunlarının uğurla keçirilməsi üçün 8 min könüllünün cəlb olunması nəzərdə tutulur.