"Həndbolçularımız IV İslam Həmrəyliyi Oyunlarında onlara bəslənilən ümidləri doğrultdular”
Bu sözləri "olimpnews.az” saytına müsahibəsində Azərbaycan Həndbol Federasiyasının birinci vitse-prezidenti Orxan Abbasov deyib. Brinci vitse-prezident federasiyanın fəaliyyəti, görülən işlər, qarşıdakı planlar barədə danışdı.
Söhbətə başlamadan öncə qeyd edək ki, ölkəmizdə idman yüksək sürətlə inkişaf edir. Dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, təmsilçilərimiz ən mötəbər turnirlərdə uğurlar qazanırlar. Beynəlxalq idman qurumlarının Azərbaycana göstərdiyi etimadın nəticəsidir ki, paytaxtımız nüfuzlu idman yarışlarına ev sahibliyi edir.
Mayın 12-dən 22-dək Azərbaycan daha bir mötəbər yarışa – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. İdmançılarımız bu yarışda onlara bəslənilən ümidləri doqğruldaraq ümumi komanda hesabında birinci pillədə qərarlaşdılar. Sevindirici haldır ki, fərdi növlərlə yanaşı, komanda idman növlərində də yüksək nailiyyətlər əldə olundu. Yüksək uğura imza atan komandalarımızdan biri də həndbol millisidir. Belə ki, yığmamızın üzvləri finalda Türkiyə komandasına 28:26 hesabı ilə qalib gələrək çempion adını qazandılar. Medalları idmançılara gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov və Beynəlxalq Həndbol Federasiyasının vitse-prezidenti Migel Roka Mas təqdim etdi. Məhz bu nəticə ölkəmizdə həndbolun yeni mərhələyə qədəm qoyduğunu, bu sahədə səmərəli və məqsədyönlü işlərin aparıldığını, son dövrlərdə federasiyada həyata keçirilən struktur dəyişikliklərin öz bəhrəsini verdiyini nümayiş etdirir.
-Orxan müəllim, IV İslam Həmrəyliyi Oyunlarında həndbolçularımızın qızıl medal qazanması münasibətilə sizi təbrik edirik. Bu nailiyyət son illərdə həndbol üzrə qazanılan ən yüksək uğurdur. Komandamızdan bu nəticəni gözləyirdinizmi?
-IV İslam Həmrəyliyi Oyunlarına komandamızın üzvləri yüksək hazırlıq prosesi keçmişdilər. Oyunlara hazırlıqla bağlı idmançılarımız ölkədaxili və beynəlxalq təlim-məşqlərdə və yarışlarda iştirak etmişdilər. Bildiyiniz kimi, ötən ilin dekabrında Azərbaycan Həndbol Federasiyasında struktur dəyişikliyi aparıldı. Saleh Məmmədov federasiyaya yeni prezident təyin olundu. Qurumda aparılan əsaslı dəyişikliklər öz bəhrəsini verdi.
Federasiya rəhbərliyinin qarşısında dayanan əsas məqsəd komandamızın IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışını təmin etmək idi. Oyunlara az müddət qalmasına baxmayaraq bu sahəyə hərtərfli yanaşdıq. Komandaya Rusiya və Ukraynadan peşəkar idmançılar cəlb edildi. Yığmamız oyunlara qədər bir sıra beynəlxalq yarışlarda qüvvəsini sınadı. Bu, təcrübə baxımından onlar üçün çox faydalı oldu. Komandamız oyunlara hazırlıq məqsədilə Mingəçevirdə yerləşən Kür Olimpiya Mərkəzində təlim-məşq toplanışında iştirak etdi.
Fərəhli haldır ki, həndbolçularımız IV İslam Həmrəyliyi Oyunlarında onlara bəslənilən ümidləri doğrultdular. Əlbəttə ki, bu nəticə ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən idmançılarımızın yüksək səviyyədə məşq etmələri, müxtəlif mötəbər yarışlarda iştirakı üçün hərtərəfli şərait yaradılır. Azərbaycanda ən nüfuzlu yarışlar təşkil olunur. IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə təşkili məhz Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü siyasətin nəticəsidir.
-Federasiya rəhbərliyindəki dəyişikliklərdən sonra bu sahədə hansı yeniliklər həyata keçirildi?
-Qısa müddət ərzində Azərbaycan çempionatı təşkil olundu. Burada 4 klub mübarizə aparırdı.Azərbaycanın həndbol idman növündə ənənələrinin olmasına baxmayaraq uzun müddət idi ki, federasiya durğunluq dövrünü yaşayırdı. Federasiya rəhbərliyi bu sahəyə yeni konsepsiyalarla yanaşmaq qərarına gəldi.İlk növbədə məqsəd həndbolun kütləviliyini təmin etmək idi. Bununla bağlı biz bölgələrə səfər etdik. Müxtəlif regionlarda həndbol bölmələrinin fəaliyyəti təmin olundu. Bu bölmələrə məşqçilər təyin edildi. Məlumdur ki, böyük idmanın təməli uşaq idmanından başlayır. Biz də bu prinsipi əsas tutaraq yeniyetmə idmanın inkişafına üstünlük veririk. Onu da deyim ki, məşqçilər heyətində də əsaslı dəyişikliklər olundu. Hesab edirəm ki, görülən tədbirlər gələcəkdə bu sahənin uğurlu inkişafına öz təsirini göstərəcək.
- Federasiyanın gələcək planları barədə nə deyə bilərsiniz?
-Əsas məqsədimiz həndbolda kütləviliyə nail olmaqdır. Hazırda bu istiqamətdə tədbirlər planı mövcuddur. Müxtəlif yaş qrupları üzrə komandaların hazırlığı nəzarət altında saxlanılır. Məşqçilər tərəfindən mütəmadi bölgə idmançıları arasından seçim edilir. Bu sahədə həndbolda güclü olan ölkələrin təcrübəsindən də yararlanırıq. Qarşıda böyükyaşlılar arasında 25-ci respublika çempionatının keçirilməsi planlaşdırılır. Ümid edirik ki, respublika çempionatında komandalarımız özlərini yaxşı tərəfdən göstərəcəklər. Əsas məqsədimiz komandamızın Avropa və dünya səviyyəli yarışlarda iştirakını təmin etmək, daha da yüksək uğurlara imza atmaqdır.