Pauerliftinq üzrə paralimpiya milli komandasının üzvləri ilə görüş keçirilib

Pauerliftinq üzrə paralimpiya milli komandasının üzvləri ilə görüş keçirilib

Mayın 2-də Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev ölkəmizin pauerliftinq idman növü üzrə paralimpiya milli komandasının üzvləri ilə görüşüb.
MOK-da keçirilən görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov, baş katib Kamal Məmmədov, pauerliftinq komandasının baş məşqçisi İlqar İbişov, komandanın kapitanı Elşən Hüseynov, komandanın üzvləri Pərvin Məmmədov, Şamo Aslanov və Nurlan Babacanov iştirak ediblər.
Tədbiri açan Azər Əliyev pauerliftinq üzrə paralimpiya yığmasının Macarıstanın Eger şəhərində keçirilən dünya kubokundakı uğurlu çıxışını yüksək qiymətləndirib. O, komandamızın üç qızıl və bir bürünc medalla kişilər arasında birinci yer tutmasını xatırladıb.
Pauerliftinqin olduqca ağır idman növü olduğunu qeyd edən MOK-un rəsmisi bildirib ki, bu idman növündə əzmli məşqlər önəmlidir. Azər Əliyev komandamıza uğurlar arzulayıb və bildirib ki, əsas hədəf gələn il keçiriləcək Tokio-2020 Yay Paralimpiya Oyunlarıdır.
Daha sonra AMPK-nın prezidenti İlqar Rəhimov paralimpiyaçılara göstərdiyi dəstəyə görə Azər Əliyevə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu, artıq pauerliftinqçilər ilə ikinci görüşdür. "Bundan əvvəl A.Əliyev AMPK-da pauerliftinq üzrə Paralimpiya milli komandasının üzvləri ilə görüşüb. Bu görüş idmançılarımız üçün böyük stimul oldu. Onlar həmişə sizin dəstəyinizi öz üzərilərində hiss edirlər. Fürsətdən istifadə edərək AMPK adından paralimpiyaçılarımızın dostu Prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk”, - deyə İlqar Rəhimov vurğulayıb.
Federasiya prezidenti qeyd edib ki, idmançılarımızın Macarıstanda keçirilən dünya kubokunda uğurlu çıxışı tarixi hadisədir. O vurğulayıb ki, ilk dəfədir böyük komanda ilə belə mötəbər beynəlxalq yarışda çıxış edən komandamızın üç üzvü qızıl, bir üzvü isə bürünc medalla qayıdır.
Daha sonra İlqar Rəhimov mayın 13-14-də paytaxtımızda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışının medallarının suvenirini Azər Əliyevə təqdim edib.
Pauerliftinq üzrə paralimpiya milli komandasının baş məşqçisi İlqar İbişov və komandanın kapitanı Elşən Hüseynov da göstərdiyi dəstəyə və diqqətə görə Azər Əliyevə minnətdarlıq ediblər. Onlar bildiriblər ki, göstərilən diqqət və qayğı idmançılarımızı yeni qələbələrə ruhlandırır.