Azərbaycan Premyer Liqası: Bu gün XVI tura start veriləcək

Azərbaycan Premyer Liqası: Bu gün XVI tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start veriləcək. Turun birinci oyun günündə iki qarşılaşma keçiriləcək. Birinci görüşdə “Səbail” klubu “ASCO Arena”da “Sabah” ilə üz-üzə gələcək. İndiyədək ölkə çempionatında doqquz dəfə qarşılaşan komandaların duelində “dənizçilər” 3, Masazır təmsilçisi 4 qələbə qazanıb, 2 görüş heç-heçə başa çatıb. Top fərqi də “Sabah”ın xeyrinədir - 12:10. Qonaq komanda son üç görüşdə qalib gələ bilməyib. “Səbail” isə son üç ev oyununda qol vurub. Qarşılaşma saat 16:00-da başlayacaq. Günün digər qarşılaşmasında son çempion “Qarabağ” klubu “Sumqayıt”ın qonağı olacaq. Hazırda Ağdam klubu 29 xalla ikinci, “gənclik şəhəri” təmsilçisi isə 22 xalla dördüncü yerdədir. Bu görüş komandaların Premyer Liqada 34-cü dueli olacaq. İndiyədək baş tutan matçların 24-də qonaqlar, 5-də meydan sahibləri seviniblər. Dörd qarşılaşmada isə qalib müəyyənləşməyib. Bu oyunlarda “köhlən atlar” 73 qol vurublar. Ayxan Abbasovun başçılıq etdiyi kollektiv isə 17 dəfə fərqlənməyə nail olub. “Qarabağ” ardıcıl 20 oyunda meydanı qol vurmadan tərk etməyib. “Sumqayıt” son iki ev matçında uduzmayıb. Görüş saat 18:00-da start götürəcək.

Tura fevralın 20-də “Keşlə” - “Zirə” və “Neftçi” - “Qəbələ” oyunları ilə yekun vurulacaq.