Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunları və Pekin-2022 Qış Olimpiya Oyunlarında Rusiya idmançılarının iştirakı ilə protokol tədbirlərinin musiqi müşayiəti zamanı dövlət himni əvəzinə Pyotr Çaykovskinin "Orkestrla birgə fortepiano üçün Konsert №1" əsərindən istifadə ediləcəyini təsdiqləyib. Bu barədə Rusiya Olimpiya
Komitəsinin (OKR) prezidenti Stanislav Pozdnyakov qurumun rəsmi saytına açıqlamasında deyib.
O, çətin prosesin həllinə görə IOC və OKR-dəki həmkarlarına təşəkkürünü bildirib.
İdman Arbitraj Məhkəməsi (CAS) dopinq qalmaqalı ilə bağlı Rusiya idmançılarının nüfuzlu beynəlxalq yarışlarda - Olimpiya, paralimpiya oyunlarında, dünya çempionatlarında ölkə bayrağı və himni ilə çıxış etməsinə qadağa qoyub. Qadağa 2022-ci il 16 dekabradək qüvvədə olacaq.
Qeyd edək ki, Tokio olimpiadası 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Pekindəki Qış Olimpiya Oyunları isə 2022-ci il 4 - 20 fevralda gerçəkləşəcək.
Tokio Olimpiadasında Rusiya himnini Çaykovskinin əsəri əvəzləyəcək