Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd edilib

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd edilib 

Olimpiya dünyası

Bugün, 00:47

Azərbaycan Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilib.

Olimpnews.az xəbər verir ki, “Absheron Marriott” hotelində baş tutan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Prezident İlham Əliyevin Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə təbrik məktubu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tərəfindən oxunub.

Beynəlxalq Paralimpiya Komitəsinin I vitse-prezidenti Leyla Markes Mota təşkilatın prezidenti Endryu Parsonsun təbriklərini tədbir iştirakçılarına çatdırıb.

Ardınca çıxış edən digər rəsmilər Azərbaycanda paralimpiya hərəkatının inkişafından və qazanılan uğurlardan söz açıblar.

Sonra Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr edilmiş videoçarx nümayiş olunub.

Rəsmi çıxışların ardından qala gecəsi bədii hissə ilə davam edib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin (DOST İİYM) benefisiarları və təlimçilərinin ifasında bədii çıxışlar olub.

Daha sonra Beynəlxalq Paralimpiya Komitəsinə, Avropa Paralimpiya Komitəsinə, Türkiyə, Rusiya, Macarıstan, Belarus, Portuqaliya və İspaniyanın milli paralimpiya komitələrinə təşəkkürnamələr təqdim olunub.

Yubileyə həsr olunmuş ikinci, eləcə də yeniyetmə və gənc paralimpiyaçılarla bağlı videoçarx nümayiş etdirilib.

Sonra üzərində 30 illik yubiley loqosu əks olunmuş tort Paralimpiya çempionları İlham Zəkiyev və Lamiyə Vəliyeva, həmçinin Olimpiya çempionları Zemfira Meftaxetdinova və Namiq Abdullayevin müşayiəti ilə gənc paralimpiyaçılar Əli Əliyev və Səmayə Həsənova tərəfindən kəsilib.

Sonda isə DJ müşayiəti ilə musiqi nümunələri səsləndirilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR