Bu gün Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarına yekun vuruldu. Bununla da Olimpiya yığmamız üçün daha bir olimpiada geridə qaldı. Komandamızın Olimpiya Oyunları tarixində 7-ci cəhdi 7 (3 gümüş, 4 bürünc) medalla yadda qaldı. Azərbaycan komandasına gümüş medalları Rafael Ağayev (75 kq), İrina Zaretskaya (+61 kq), Hacı Əliyev (65 kq) qazandırdı. İrina Kindzerska (+78 kq), Alfonso Dominges (81 kq), Rafiq Hüseynov (77 kq) və Mariya Stadnik (50-kq) isə Tokio-2020-nin bürünc medallarına sahib çıxdı. Beləliklə, Azərbaycan 25 ildən sonra olimpiadanı qızıl medal qazanmadan başa vurdu. Komandamız bu nəticə ilə Tokio-2020-ni 67-ci sırada tamamladı.
Azərbaycan komandası Tokio-2020-ni qızıl medalsız başa vursa da, budəfəki Olimpiya Oyunları ölkəmiz üçün tarixi hadisə ilə yadda qaldı. Belə ki, Oyunlarda 50 kq çəki dərəcəsində bürünc medal qazanan qadın güləşçimiz Mariya Stadnik Azərbaycanın Olimpiya Oyunları tarixində rekord göstəriciyə sahib çıxdı. 8 qat Avropa çempionumuz ardıcıl olaraq iştirak etdiyi 4-cü olimpiadasını da medalla başa vurdu. 33 yaşlı güləşçimiz Tokio-2020-dən əvvəl Pekin-2008-də bürünc, London-2012 və Rio-2016-da isə gümüş medala layiq görülmüşdü. Bununla da Mariya Stadnik Olimpiya Oyunlarında 4 medal qazanan ilk idmançımız kimi tarixə keçdi. O, bu nəticə ilə sərbəst güləşçimiz Xetaq Qazyumovu geridə qoyaraq, rekordu ələ keçirdi.
Xatırladaq ki, idmançı karyerasını başa vuran Xetaq Qazyumov Pekin-2008 və London-2012-də bürünc, Rio-2016-da isə gümüş medala sahib çıxmışdı.
Qeyd edək ki, Azərbaycan qadın güləşinin ən parlaq simalarından biri olan Mariya Stadnik həmçinin güllə atıcımız İradə Aşumovanın 4 Olimpiadada iştirak etmə rekordunu da təkrarladı.
Mariya Stadnik Azərbaycanın Olimpiya tarixinə keçdi