Pedro Roke Azərbaycan millisinə qayıtmasından danışdı

Pedro Roke Azərbaycan millisinə qayıtmasından danışdı

"Buraya qayıdışımın əsas səbəbi Rio-de-Janeyro-2016-dan sonra verdiyim sözü yerinə yetirməkdir. Məqsədim ölkə boksunda yeni tarix yazmaq, Paris-2024-də Azərbaycan adına ilk qızıl medalı yığmaya qazandırmaqdır”.

Olimpnews.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında kişi boksçulardan ibarət milli komandaya yeni baş məşqçi təyin olunan Pedro Roke deyib.

O, yenidən yığmaya qayıtdığı üçün çox xoşbəxt olduğunu bildirib: "Buranı özüm üçün ikinci ev sayıram. Azərbaycanı sevirəm. Qarşıya qoyulan hədəfə çatmaq üçün potensiallı boksçularımız var. Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında olduğu kimi bu dəfə Azərbaycan boks tarixinə ilklə düşəcəyimizə inanıram. 2024-cü il Paris Yay Olimpiya Oyunlarının sonunadək müqaviləyə imza atmışam".

Kubalı baş məşqçinin sözlərinə görə, 2016-cı ildə Azərbaycandan ayrıldıqdan sonra da boksçuların döyüşlərini izləyib və onlar haqqında müəyyən məlumata malikdir: “ABŞ-da yaşasam belə milli üzvlərinin görüşlərini həmişə diqqətdə saxlamışam, izləmişəm. Avropa və dünya çempionatlarında, olimpiadada da döyüşlərinə baxmışam. Yaxşı boksçular var və onları daha da inkişaf etdirmək, titul qazandırmaq üçün var gücümlə çalışacağam. İnanıram ki, iştirak edəcəyimiz turnirlərdə Azərbaycan bayrağını yüksəklərə qaldıracağıq”.

Qeyd edək ki, Pedro Roke 2014 - 2016-cı illərdə də Azərbaycan yığmasının baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarında çıxış edib və hələlik olimpiadalarda ölkə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Həmin vaxt Lorenzo Sotomayor (64 kq) finala yüksəlməklə və yekunda gümüş medal qazanmaqla milliyə ilk yaşadıb. Həmçinin Kamran Şahsuvarlı (75 kq) da Rio-2016-nı bürünc mükafatla başa vurub.//Qol.az//