Prezident: Qələbələr xalqımıza yaraşır

Prezident: Qələbələr xalqımıza yaraşır

Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında.

Olimpnews.az  AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyunun 14-də Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Hər dəfə beynəlxalq yarışlarda idmançılarımız qələbə qazananda əminəm ki, hər bir vətənpərvər insan qürur hissi keçirir, hər dəfə bayrağımız qaldırılanda hər birimiz sevinirik. Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında. Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda Vətənimizi ləyaqətlə təmsil edəcəklər.

Dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur, əksinə dövlət dəstəyi daim göstərilir. Ancaq minifutbol idman növünə gəldikdə, bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünüz qazanmısınız. Mən deyə bilmərəm ki, minifutbolçular üçün hansısa xüsusi şərait yaradılmışdır, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilmişdir, yox, bunların heç biri olmayıb. Ona görə sizin qələbəniz çox böyük qiymətə layiqdir. Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, - komanda deyəndə mən bunu nəzərdə tuturam, - siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız.

Azərbaycanda idmana da, idmançılara da diqqət göstərilir. İdmançılar dövlət tərəfindən hər zaman qayğı ilə əhatə olunurlar və bu, təbiidir. Çünki idman, idmanda qələbələrimiz həm ölkəmizin beynəlxalq nüfuzunu qaldırır, eyni zamanda, sağlam həyat tərzini təbliğ edir və bu, hesab edirəm ki, daha vacibdir. Çünki hamımız istəyirik ki, Azərbaycan xalqı sağlam olsun, gənclər kütləvi surətdə idmanla məşğul olsunlar. İdmanın kütləviliyinin genişləndirilməsi və idmanda qələbələrin əldə edilməsi üçün dövlət idmançılara, klublara, federasiyalara həmişə böyük diqqət və qayğı göstərir. Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq".