MOK 30 illik yubileyində telekanalları mükafatlandıracaq

MOK 30 illik yubileyində telekanalları mükafatlandıracaq

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi münasibətilə İdman Televiziya Festivalına həsr edilmiş mətbuat konfransı keçirilib.

"Olimpnews"un məlumatına görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bu məqsədlə bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, televiziya festivalını belə tədbirlərdən biri kimi təşkil etdiklərini söyləyib.

Hüseynzadənin fikrincə, idman hazırda ən aktual mövzulardan biridir: "Ən çox tamaşaçı idman tədbirlərində olur. Olimpiadalar, futbol üzrə dünya çempionatları, "Formula 1" yarışları və s. bütün dünya üçün maraqlıdır. Teleziya da idmanın təbliği ilə məşğul olur. Həm özü pul qazanır, həm də idmanı təbliğ edir. Bu 30 il ərzində müxtəlif telekanallar fəaliyyətə başlayıb. Müxtəlif federasiyalar, MOK və televiziyaların özü tərəfindən idmana aid filmlər çəkilib. Biz bu festivalı keçirməsək, heç kim təşkil etməyəcək. Bütün telekanallara və jurnalistlərə minnətdaram. Festival uğurlu olsa, gələcəkdə bunu davam etdirəcəyik".

Tanıtım çarxı təqdim edildikdən sonra festivalın baş direktoru Arzu Qulamov göstərilən etimada görə MOK rəhbərliyinə təşəkkür edib: "Festivalın rəsmi saytı artıq fəaliyyətə başlayıb. Burada tədbir haqqında bütün məlumatlar qeyd olunub".

Qulamov sentyabrın sonlarınadək materialların təqdim olunacağını, oktyabrın 1-də isə münsiflər heyətinin işə başlayacağını deyib. Baş direktor oktyabrın sonlarında qaliblərin pul mükafatları ilə təltif olunacaqlarını bildirib.