Rusiyalı idmançı çağırış edib: "Vətəndaşlığınızı dəyişdirin"

Rusiyalı idmançı çağırış edib: "Vətəndaşlığınızı dəyişdirin"

Rusiyalı tennisçi Darya Kasatkina ölkənin yeniyetmə və gənc idmançılarına vətəndaşlıqlarını dəyişməklə bağlı çağırış edib.

"Olimpnews" xəbər verir ki, bu barədə Kasatkina bloqer Viktor Kravçenkonun "YouTube" kanalına verdiyi müsahibədə bildirib.

Hazırda dünya reytinqində 12-ci yerdə olan və Rusiyanın bir nömrəli raketka ustası sayılan Kasatkina beynəlxalq rəsmi yarışlarda iştirak edə bilmədiklərindən, bu addımın atılmasını zəruri saydığını bildirib:

“Növbəti on il üçün rusiyalı idmançıların perspektivləri necədir? Bu, bizi sıxacaqmı? Bəli, artıq baş verib. Düşünürəm ki, indi 16-17 yaşında olan nəslin hələ də şansı var, çünki onlar hazırda oynayırlar və başqa ölkəni seçmə şansları var".

Tennisçinin fikrincə, rusiyalı idmançının növbəti beş ildə yüksək səviyyəyə çatacağı qeyri-real görünür: "Düşünürəm ki, valideynlərinin imkanı olan bir çox istedadlı uşaqlar, böyük ehtimalla, vətəndaşlıqlarını dəyişəcək. Düzü, biz artıq belə məsələləri müzakirə edirik, çünki “Uimbldon”dan kənarlaşdırılmışıq və bundan sonra nə olacağını bilmirik. Uşaqlara deyə bilərəm: belə bir fürsət varsa, vətəndaşlığınızı dəyişdirin".

Qeyd edək ki, Rusiya – Ukrayna münaqişəsi ilə bağlı rusiyalı idmançılar beynəlxalq turnirlərə buraxılmırlar.