Noyabrın 24-də Milli Olimpiya Komitəsinin inzibati binasında ictimai-siyası xadim, görkəmli idman işçisi professor Ağacan Abıyevin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclis sədrinin müavini Adil Əliyev və idman ictiamiyyətinin nümayəndələri çıxış ediblər. Çıxışlardan əvvəl tədbir iştirakçıları Ağacan müəllimin həyat fəaliyyətindən bəhs edən qısametrajlı filmi izləyiblər. Sonra çıxışlara yer verilib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yubilyarı təbrik edərək, ona MOK adından xatirə hədiyyələri təqdim edib. Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Ağacan Abiyevin Azərbaycan idmanında böyük nüfuza malik bir simalardan olduğunu diqqətə çatdırıb. Ardınca ADBTİA-nın rektoru Fuad Hacıyev Ağacan müəllimin bir idman xadimi və elm xadimi kimi fəaliyyətindən bəhs edən bəzi məqamları diqqətə çatdırıb. Yubiley tədbirində iştirak edən federasiya rəsmiləri bu təbrikə qoşularaq, Ağacan müəllimə ən xoş arzularını çatdırıb, xatirə hədiyyələri təqdim ediblər. Çıxışlar başa çatdıqdan sonra Ağacan Abiyev yubiley tədbirinə gəlmiş iştirakçılara öz minnətdarlığını bildirib.Sonda xatirə şəkli çəkdirilib.