Azərbaycan cüdosunun parlaq gələcəyi var

Azərbaycan cüdosunun parlaq gələcəyi var

Azərbaycanın yeniyetmə cüdoçulardan ibarət yığma komandası  Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya birinciliyində yüksək nəticə əldə edib. Mundiala 15 (10 oğlan, 5 qız) cüdoçu ilə yollanan komandamız 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq həm medalların sayına, həm də əyarına görə güclü Yaponiya komandasını qabaqlayaraq, birinci yeri tutub. Təmsilçilərimizdən Nihad Məmişov (-50 kq), Xədicə Qədəşova (-52 kq) qızıl, Məhəmməd Məmişov (-50 kq), Məhəmməd Musayev (-60 kq), Əbil Yusubov (-66 kq) gümüş, Mirxaliq İskəndərov (-55 kq), Süleyman Şükürov (-73 kq) və Ramazan Əhmədov (+90 kq) isə bürünc medal əldə ediblər.
Fərdi yarışlardan sonra qarışıq komanda yarışlarında mübarizə aparan millimiz birinciliyi gümüş medalla başa vurub.

Bu nəticələr yeniyetmə cüdoçularımızın Avropa birinciliyi, Maribor-2023 Avropa Gənclər Olimpiya Festivalı və MDB Oyunlarından sonra əldə etdiyi ən böyük nailiyyətdir. 2023-cü ilə uğurlu nəticələrlə başlayan yeniyetmə cüdoçularımız bu turnirlərin hər birində parlaq qələbələr qazanmağı bacarıb. Həm səviyyəsinə, həm də iştirakçıların sayına görə fərqlənən dünya çempionatı isə Azərbaycan idmançıları üçün bir sıra rekordlarla yadda qalıb. Bu nailiyyətlərin arxasında isə heç şübhəsiz ki, federasiya tərəfindən yaradılan uğurlu inkişaf strategiyası və məşqçi əməyi dayanır. Federasiyanın apardığı məqsədyönlü islahatlar yeniyetmə idmançıların qələbələrində öz əksini tapıb.
Zaqrebdəki dünya birinciliyindən Vətənə qayıdan həm oğlanlardan, həm də qızlardan ibarət yığma komandanın məşqçiləri ilə əlaqə saxlayıb, qazanılan zəfər və gələcək inkişaf perspektivləri barədə danışdıq.
Əvvəlcə oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli ilə həmsöhbət olduq. Gənc mütəxəssis yığmaya gəlişindən bu günədək iştirak etdikləri turnirlərin hər birindən Vətənə medalla qayıtdıqlarını bildirib.
“Artıq il yarımdır ki, yığma komandanın baş məşqçisi vəzifəsini icra edirəm. Buna qədər isə gənclərdən ibarət yığmada köməkçi məşqçi funksiyasını yerinə yetirirdim. Elxan Məmmədovla çalışdıqdan üç ay sonra rəhbərliyin qərarı ilə yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi vəzifəsinə təyin olundum. Gənc olduğuma görə bir çox insan bu məsuliyyətli yükü daşıyacağıma inanmırdı. Amma Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, vitse-prezident Elnur Məmmədli və baş katib Rəşad Rəsullu mənə güvəndi. Bunun üçün federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Düzdür, bu ağır yükü öz üzərimə götürmək mənim üçün də böyük məsuliyyət tələb edirdi. Qeyd edim ki, bu il komandamız üçün çox ağır oldu. Bizi dörd əsas yarış - Avropa birinciliyi, EYOF-2023, MDB Oyunları və dünya çempionatı gözləyirdi. Qarşıma nəticə verməklə yanaşı, yeniyetmə idmançıların nizam-intizamını düzgün formalaşdırmaq, onları taktiki, texniki və fiziki cəhətdən hazırlayıb, gənclərə və ondan sonra böyüklərə yönəltmək məqsədi qoyulmuşdu”, - deyə Rüstəm Alimli qeyd edib. 


Gənc mütəxəssisin baş məşqçisi olduğu komandamız bu il iştirak etdiyi bütün turnirlərdə yüksək nailiyyətlər qazanıb. R.Alimli dünya çempionatına qədər komandasını seçmə xarakterli yarışlarda sınaqdan keçirdiyini və yalnız bundan sonra əsas heyətin formalaşdığını qeyd edib.
“Avropa çempionatından əvvəl Avropa Kuboku yarışlarında gücümüzü sınadıq. Seçim xarakteri olan bu yarışlar bir sıra rekordlarla yadda qaldı. İlk turnirimiz olan Zaqrebdəki Avropa Kubokunda 3 qızıl, Çexiyanın Tepliçe şəhərindəki beynəlxalq yarışda 6 qızıl medal qazandıq. Göygöldə keçirilən Avropa Kubokunda isə 5 qızıl medala sahib çıxdıq. Bu nəticələr onu deməyə əsas verirdi ki, bizim güclü heyətimiz var. Bu turnirlərdən sonra Polşada və Portuqaliyada seçmə xarakterli yarışlar keçirildi və əsas heyətimizi formalaşdırdıq. Əsas heyətlə yollandığımız Portuqaliyada təşkil olunan Avropa çempionatında komandamız 5 qızıl və 2 bürünc medal qazanaraq, komanda hesabında birinci yeri tutdu. Bu Azərbaycan cüdosu tarixində bir ilk idi. Sevinirəm ki, komandamla birlikdə bu tarixi nəticəni qazandıq. Növbəti əsas sınağımız Mariborda keçirilən Avropa Gənclər Olimpiya Festivalı idi. Həmin yarışda həm əsas, həm də ikinci heyətin üzvləri qüvvələrini sınadılar. Sevindirici haldır ki, 8 idmançımızdan 7-si fəxri kürsüdə yer aldı. 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan oğlanlardan ibarət komandamız birinci yeri tutdu. Bu yarışdan sonra ikinci heyətlə MDB Oyunlarında mübarizə apardıq. Komandamız turniri 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurdu. Zaqrebdəki dünya birinciliyinə isə güclü heyətlə yollanmışdıq. Buna qədər iştirak etdiyimiz yarışlarda qazandığımız nəticələr onu deməyə əsas verirdiki cüdoçularımız dünya birinciliyində yeni tarix yazacaqlar. Həqiqətən də belə oldu. Yarışa lider kimi yollanmışdıq. Digər ölkələrin nümayəndələri də bizi lider kimi görürdülər. Yarışda 1 qızıl, 3 gümüş və 3 bürünc medal əldə edərək komanda hesabında birinci yerə layiq görüldük. Ümumilikdə beş idmançımız final görüşünə çıxdı. Bu yarışda Azərbaycan cüdo tarixində ilk dəfə olaraq iki idmançımız final görüşündə üz-üzə gəldi. Bu tarixi hadisə 50 kq çəki dərəcəsində mübarizə aparan idmançıların yarışında qeydə alındı. Digər bir tarixi nəticə isə ağır çəkidə medal qazanmağımızla bağlı oldu. Belə ki, idmançılarımız əvvəllər əsasən aşağı çəkilərdə medal qazanıblar. Bu il isə nəhayət, ağır çəki dərəcəsində Ramazan Əhmədov (+90 kq) bürünc medal qazandı. O, həmçinin Avropa çempionu olmaqla yanaşı, EYOF-2023-də ikinci yeri tutub”, - deyə baş məşqçi qeyd edib.
Rüstəm Alimli əldə olunan uğurların sirrini də açıqlayıb. Gənc mütəxəssis bunu məşqçi və tibb personalının birgə zəhməti və komandada yaradılan nizam-intizamla əlaqələndirib.
“Uğurun sirləri həm də məşqçilərlə, həkim, fizioterapevt arasında birliyin olmasındadır. İdmançılar arasında da mehriban münasibət və yüksək ab-hava var. Bu da qələbələrimizin əsasını təşkil edir. Biz bir yumruq kimi birləşib, bir hədəfə vururuq.


Köməkçi məşqçilərim Emin İsgəndərov və Nicat Şıxəlizadəyə, həkimimiz Şahin Məmmədov və Anar Məmmədova öz minnətdarlığımı bildirirəm ki, bu il maksimum nəticə göstərdilər. Bütün bunlar rəhbərlik tərəfindən dəstəklənir. Bu dəstək olmasa nəticələr də olmayacaqdı. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası bizə hər zaman öz dəstəyini göstərib. Biz də əməli işimizlə etimadı doğrultmağa çalışırıq. Bu çətin yolda bizə dəstək olan hər kəsə minnətdarlığımızı bildiririk”, - deyə Rüstəm Alimli fikirlərini yekunlaşdırıb.
Qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov isə dünya birinciliyindəki uğurlu çıxışdan danışaraq komandamızın Zaqrebdə tarix yazdığını qeyd edib.
“Yanvar ayından ardıcıl olaraq təlim-məşqlərdə və hazırlıq xarakterli yarışlarda çıxış edirdik. Xorvatiya, Çexiya və ölkəmizdə təşkil olunan Avropa Kuboku yarışından sonra Polşadakı turnirdə komandanı sınaqdan keçirdik. Türkiyədəki təlim-məşq toplanışından sonra Avropa birinciliyində mübarizə aparan Xədicə Qədəşova bürünc, Vüsalə Hacıyeva isə qızıl medala sahib çıxmışdı. Bu yarışdan sonra Türkiyədə təlim-məşq toplanışında iştirak edərək EYOF-2023-ə yollandıq. Həmin yarışda komandamız iki qızıl medal qazanaraq tarixi nəticəyə nail oldu. İlk dəfə idi ki qızlardan ibarət millimiz EYOF-da iki qızıl medal qazanaraq, sıralamada ilk pillədə qərarlaşmışdı. Bu yarışdan sonra təlim-məşq toplanışında gücümüzü sınadıq. Bu hazırlığın da əsas məqsədi komandanın gücünü qorumaq və dünya çempionatında daha yaxşı hazırlaşmaq idi. Biz mundiala yollananda da həm Xədicəyə, həm də Vüsaləyə böyük ümidlərimiz var idi. Xədicə çempion olaraq bizi sevindirsə də təəssüf ki, bunu Vüsalə ilə bağlı deyə bilməyəcəyəm. Vüsalənin yarış günü özünü narahat etməsi, qızdırmasının olması, yekunda çıxışına təsirsiz ötüşmədi. Buna görə də işlər istədiyimiz kimi alınmadı. Lakin ümid edirik ki, Vüsalə gələn yarışlarda qələbələri ilə bizi sevindirəcək. Ümumilikdə komandamız medal sıralamasında çempion oldu. Qızların yarışında Xədicə Qədəşova 52 kq çəki dərəcəsində qızıl medal qazandı. O, bununla da Azərbaycanın cüdoda ilk qadın dünya çempionu kimi tarixə düşdü. Bütün bu uğurların qazanılmasında Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının danılmaz rolu var. İstər təlim-məşqlərdə iştirakımızın təmin olunması, istərsə də yarışlara ezam olunmağımızla maraqlanırlar. Komandamız da bu qayğını hiss edir və heyətdə böyük ruh yüksəkliyi var. Bu da bizə olan diqqətin sayəsindədir. Gələcək yarışlarda səhvlərimizi aradan qaldırıb, parlaq qələbələrimizlə bizə olan etimadı doğrultmağa çalışacağıq”, - deyə Elnur İsmayılov bildirib.

Azər Əlizadə