Lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi ilə həmin ərazilərdəki idman infrastruktlarımız da yeni quruculuq dövrünə qədəm qoyub. Həmin ərazilərdə, xüsusilə Xankəndi şəhər stadionunda təmir işləri aparılır. Bu günlərdə isə həmin stadionun Gənclər və İdman Nazirliyinin (GİN) balansına verilməsi ilə bağlı açıqlama verilib. AFFA-dan verilən məlumata görə hazırda stadionda aparılan yenidənqurma işləri ilə Gənclər və İdman Nazirliyi məşğul olur. Stadionda görülən tədbirlərə bilavasitə nazirlik tərəfindən nəzarət edilir. Məlumata görə, bir müddət əvvəl başlanılan söküntü işlərinin ilkin mərhələsi başa çatıb. Qondarma rejimin “bayrağ”ının rənglərində olan oturacaqlar artıq sökülərək zibilliyə atılıb. Ən qısa zamanda arenaya yeni oturacaqlar quraşdırılacaq. Həmçinin ötən əsrdən qalan işıq dirəkləri də sökülüb.
Xankəndi şəhər stadionunda təmir işləri aparılır