Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər Kubokuna yekun vurulub.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 10 ölkədən 102 boksçunun iştirak etdiyi yarışda komandamız 3 qızıl, 1 gümüş və 3 bürünc medala layiq görülüb.
İlin ilk yarışında məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi komandamızın heyətində Banuçiçək Nəsirli (46 kq) yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) gənclər arasında qızıl medal qazanıblar.
Böyüklərin yarışında isə Aynur Rzayeva (81 kq) gümüş medala sahib çıxıb.
Digər boksçulardan Marjona Savriyeva (50 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) bürünc medala sahib olublar.
Yarışı 7 medalla başa vuran yığmamız bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub. Emili Rzayeva isə öz yaş qrupunda ən yaxşı boksçu nominasiyasının qalibi olub.