Azərbaycan boksçusu Malik Həsənov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 63,5 kq çəki dərəcəsində mübarizə aparan yığma komandamızın üzvü bu uğura Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində nail olub.1/4 finalında Xose Manuel Viafara (Kolumbiya) ilə qarşılaşan boksçumuz rəqibini 3:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Malik Həsənov yarımfinala yüksəlməklə yanaşı, Paris Olimpiadasına da lisenziyanı rəsmiləşdirib.
Bu, boks üzrə Azərbaycan millisinin Paris-2024 Yay Olimpiya Oyunlarına qazandığı 4-cü lisenziya olub. Buna qədər boksçularımızdan Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-də iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, iyunun 2-dək davam edəcək II Dünya Olimpiya Təsnifat Turnirində boksçularımızdan Şamil Əsgərov (57 kq), Alfonso Dominqes (92 kq) və Zeynəb Rəhimova (54 kq) da lisenziya mübarizəsini davam etdirirlər.