Olimpiya Oyunları planetin ən böyük idman yarışıdır. Bu mötəbər idman tədbirində iştirak edərək, fəxri kürsüdə yer almaq hər bir idmançının ən böyük arzusudur. Dörd ildən bir keçirilən Oyunlarda minlərlə idmançı qələbə uğrunda yarışır. Sevindiricidir ki, Olimpiya Oyunlarının tarixinə adını yazdıran atletlər arasında Azərbaycan idmançıları da var. Atletlərimizin Olimpiya oyunlarındakı iştirakı keçmiş SSRİ dövründən başlayır.
İttifaqın süqutundan sonra idmançılarımız MDB ölkələrinin, daha sonra müstəqil ölkəmizin komandasının tərkibində yarışaraq, onlara bəslənilən ümidləri doğruldublar.
Belə ki, Azərbaycan idmançıları Olimpiya Oyunlarında 1952-ci ildən 1992-ci ilə kimi (Helsinki-1952, Melburn-1956, Roma-1960, Tokio-1964, Mexiko-1968, Münhen-1972, Monreal-1976, Moskva-1980, Seul-1988) Yay Olimpiya Oyunlarında ölkəmizi SSRİ yığmasının tərkibində təmsil edərək, müxtəlif əyarlı medallara yiyələniblər.
1992-ci ildə isə Azərbaycan idmançıları MDB ölkələrinin tərkibində Barselona Olimpiadasında iştirak edib və 2 qızıl, 1 bürünc medala layiq görülüb. İdmançılarımız arasında ilk qızıl mükafatı cüdoçumuz Nazim Hüseynov qazanıb. Beləliklə, ilk dəfə dünyanın ən mötəbər idman yarışında Azərbaycan bayrağı qaldırılıb və himnimiz səsləndirilib. Azərbaycan gimnastı Valeri Belenki komanda yarışında Olimpiya çempionu olub. O, həmçinin şəxsi birincilikdə bürünc medala layiq görülüb.
1992-ci ilin sonlarında Azərbaycan idmanında yeni bir mərhələ başlayıb. Belə ki, 1992-ci il yanvarın 14-də keçirilən ümumrespublika konfransında Azərbaycan Milli Olimpiya Komitəsi təsis edilib. Milli Olimpiya Komitəsi 1992-ci il noyabrın 2-də Avropa, 1993-cü il sentyabrın 23-də isə Beynəlxalq Olimpiya Komitəsinə üzv seçilib. Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş Baş Məclisində İlham Əliyev MOK-un prezidenti seçilib və MOK-un İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşdirilib. Həmin ildən başlayaraq komitənin fəaliyyətində ciddi dönüş yaranıb, respublikada Olimpiya Hərəkatının sürətli inkişafına nail olunub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra təmsilçilərimiz üçrəngli bayrağımız altında Olimpiya Oyunlarında iştirak etməyə başlayıblar. Suveren və gənc bir ölkənin yığma komandasının ilk sınağı okeanın o tayında baş verib. Belə ki, 1996-cı ildə ABŞ-da keçirilən Atlanta Olimpiadasında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 1 gümüş medalla 61-ci yeri tutub. Yeganə medalı 52 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Namiq Abdullayev qazanıb.
2000-ci ildə Sidneydə 31 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl və 1 bürünc medalla 34-cü yeri (Avropa ölkələri arasında 23-cü) yeri tutub. Komandamıza ilk qızıl medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftaxetdinova, ikinci qızıl medalı isə Atlanta Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev qazandırıb. Boksçu Vüqar Ələkbərov bürünc medala sahib olub.
Afina-2004-də 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan Vətənə 1 qızıl, 4 bürünc medalla qayıdıb. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, qızıl medal qazanıb. Atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, Sidney-2000 Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftaxetdinova, boksçularımız Ağası Məmmədov və Fuad Aslanov bürünc medal əldə ediblər.
Pekin-2008-də isə ölkəmiz 12 idman növündə 44 atletlə təmsil olunub. Komandamız Olimpiya Oyunlarında ilk dəfə olaraq hər üç əyarda medallara sahib çıxıb. Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq), gümüş medalı isə yunan-Roma güləşində Rövşən Bayramov (55 kq) qazandırıb. Sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq), qadın güləşində Mariya Stadnik (48 kq), boksda Şahin İmranov (57 kq) və cüdoda Mövlud Mirəliyev (100 kq) bürünc medallara layiq görülüblər. Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 6 medalla (1 qızıl, 1 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 35-ci, növünə görə isə 39-cu olub.
2012-ci ildə London Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 9 medal (2 qızıl, 2 gümüş, 5 bürünc) qazanıblar. Bununla 204 ölkə arasında medalların əyarına görə 30-cu olan ölkəmiz medalların ümumi sayına görə isə 27-ci (Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci) yerdə qərarlaşıb. Londonda Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalların sahibi olublar. Digər üç güləşçimiz - Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə mübarizələrini bürünc medalla başa vurublar. Digər 2 bürünc medalı isə boksçularımız Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov qazanıblar.
2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı ilə yollanıb. Ölkəmiz ilk dəfə bu olimpiadada rekord sayda - 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanıb. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan medal sayına görə 87 mükafatçı ölkə arasında 15-ci yeri tutaraq islam, türk və Cənubi Qafqaz ölkələri arasında lider olub.
Tarixdə ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi Rio-2016-da ən yaxşılardan biri olub. Braziliyaya bu idman növündə 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə edib. Taekvondoçumuz Radik İsayev Rio-2016-da komandamızın yeganə qızıl medalını qazanıb. Milad Beigi Herçəqani və Patimat Abakarova da bürünc medal əldə ediblər. Güləş yığmamızın aktivinə 3 gümüş medalı Mariya Stadnik, Toğrul Əsgərov və Xetaq Qazyumov yazdırıblar. Digər 6 güləşçimiz - Cəbrayıl Həsənov, Rəsul Çunayev, Nataliya Sinişin, Sabah Şəriəti, Şərif Şərifov və Hacı Əliyev çıxışlarını bürünc medalla başa vurublar. Cüdoçulardan Rüstəm Orucov və Elmar Qasımov isə Vətənə gümüş medalla dönüblər. Boksçulardan Lorenzo Sotomayor gümüş, Kamran Şahsuvarlı bürünc medala sahib olublar. Ölkəmizin hesabına daha bir gümüş medalı avarçəkmə yarışlarında Valentin Demyanenko, bürünc medalı İnna Osipenko-Radomskaya əlavə edib.
Tokio-2020 Yay Olimpiya Oyunları dünyada geniş yayılan koronavirus pandemiyası səbəbindən bir il təxirə salınaraq 2021-ci ildə keçirilib. Bu olimpiadaya 44 idmançı ilə yollanan Azərbaycan komandası Oyunları 3 gümüş və 4 bürünc medalla başa vurub. Yığma komandamızın heyətində karateçilərimizdən Rəfael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) və sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) gümüş medallara sahib olublar. Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) olimpiadanın bürünc medalını qazanıblar.
Pekin-2008-də 3-cü, London-2012 və Rio-2016-da isə 2-ci yeri tutan Mariya Stadnik Oyunlarda 4 mükafat qazanan ilk idmançımız olub. O, sərbəst güləşçi Xetaq Qazyumovu geridə qoyaraq, rekordu ələ keçirib. Yığma komandamızın keçmiş üzvü olan Xetaq Qazyumov Pekin-2008 və London-2012-də bürünc, Rio-2016-da isə gümüş medala sahib olub. Qeyd edək ki, Mariya Stadnik həmçinin güllə atıcımız İradə Aşumovanın 4 olimpiadada iştirak etmə rekordunu da təkrarlayıb.
Tokio Olimpiadasının digər bürünc medallarını isə cüdoçumuz İrina Kindzerska (+78 kq) və boksçumuz Alfonso Dominqez (81 kq) qazanıb. 30 yaşlı İrina Kindzerska ölkəmizə Yay Olimpiya Oyunlarının medalını qazandıran ilk qadın cüdoçu olub.
Beləliklə, komandamız Tokio Olimpiadasında medal qazanan ölkələr arasında medalların sayına görə 31-ci, əyarına görə isə 67-ci yeri tutub. Azərbaycan Yay Olimpiya Oyunları tarixində 1996-cı ildən sonra ilk dəfə Oyunları qızıl medalsız başa vurub.
Milli Olimpiya Komitəsi 1996-cı ildən bu günə qədər Azərbaycan Olimpiya yığmasının 7 Olimpiya Oyunlarında iştirakını təmin edib.
1992-ci ildən 2020-ci ilə qədər keçirilən Yay Olimpiya Oyunlarında 293 Azərbaycan idmançısı təmsil olunub. Belə ki, 1996-cı ildən müstəqil şəkildə olimpiadada təmsil olunan ölkəmiz bu oyunlarda ümumilikdə müxtəlif idman növləri üzrə 49 (7 qızıl, 14 gümüş, 28 bürünc) medal qazanıblar.