"Hər birimiz Parisdə qızıl medal qazanılmasını istəyirik. Bunun üçün bütün bacarığımızı nümayiş etdirəcəyik".
Bu sözləri boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev "Olimpnews.az"a müsahibəsində bildirib.
O, Olimpiya Oyunlarına hazırlıq prosesinin bir neçə ölkədə təşkil edildiyi və komandamızın yarışlara tam hazır olduğunu qeyd edib.
"Bokçularımız hazırlığın ilk mərhələsini Türkiyənin çanaqqala şəhərində keçib. Orada Türkiyə və Fransa yığmaları ilə birgə məşqlərimiz oldu. Bu toplanışda fiziki hazırlıqla yanaşı, texniki, taktiki hazırlığa əsas üstünlük verilirdi. Həmin hazırlıqdan sonra Özbəkistana yollandıq. Burada olduğumuz bir həftəlik təlim-məşq topanışında da əsasən texniki, taktiki hazırlıqlar əsas götürülmüşdü. Bildiyiniz kimi, Özbəkistan boskçuları bu gün dünyada liderlər sırasındadırlar. Bunun üçün də bu mərhələni yüksək qiymətləndirmək olar. Olimpiadaya hazırlığın sonuncu mərhələsini isə Almaniyada keçdik. Burada bir çox ölkənin boksçuları iştirak edirdi. Həmin toplanışda müxtəlif komandalarla görüşüb, təlim-məşq toplanışı keçdik. Təlim-məşq toplanışı çərçivəsində idmançılarımızın hazırlıq səviyyəsini yoxlamaqla yanaşı, rəqiblərin də güclərini təhlil etməyə çalışdıq. Bildiyiniz kimi bu gün dünya boskunun mənzərəsi dəyişib. Güclü ölkələrin sayı çoxalıb. Bunun üçün olimpiadada püşk amili də əsas rol oynayacaq. Oyunların Parisdə keçirildiyini nəzərə alaraq, fransalı boksçularla ilk mərhələdə görüşməyi arzu etməzdim. Çünki Fransa boksçularının imkanları geniş olacaq. Kuba, Özbəkistan və Qazaxıstan boksçuları da dünyada liderlər sırasındadırlar. Amma buna baxmayaraq, komandamız oyunlara çox ciddi hazırlaşıb. O ki, qaldı medallara, boksçularımız əvvəlki Olimpiya Oyunlarında hər zaman medallar qazanıblar. Amma zaman keçdikcə vəziyyət dəyişir, medallar uğrunda mübarizə də gərginləşir. Boksçularımızı Parisdə ciddi sınaq gözləyir", - deyə Nəriman Abdullayev bildirib.