Fransanın Paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında dördüncü yarış gününə yekun vurulub. Bu gün Azərbaycan komandasının 5 idmançısı 4 idman növü (badminton, cüdo, güllə atıcılığı, akademik avarçəkmə) üzrə mübarizə aparıb.
Mübarizəyə ilk olaraq badmintonçumuz Keişa Fatimə Zəhra başlayıb. Təmsilçimiz "N" qrupunun ilk turu çərçivəsində çinli He Bing Jiao ilə üz-üzə gəlib.Görüş rəqib idmançının qələbəsi ilə başa çatıb. Dünya reytinqinin ilk 10-luğunda qərarlaşan idmançı hər iki setdə qalib gəlib -2:0 (21:8, 21:7). Badmintonçumuz növbəti oyununu iyulun 29-da Böyük Britaniya təmsilçisi Kristi Gilmora qarşı keçirəcək.
Bu gün həmçinin cüdo yarışlarına da start verilib. Cüdo yarışlarının ilk günündə iki təmsilçimiz Leyla Əliyeva (-48 kq) və Balabəy Ağayev (-66 kq) tatmı üzərinə çıxıb. Təəssüf ki, hər iki idmançımızın çıxışı uğursuz olub. Mübarizəyə 1/16 finaldan başlayan L.Əliyeva Özbəkistan təmsilçisi Xalimajon Kurbanov uduzub. B.Ağayev isə 1/8 final mərhələsində cənubi koreyalı Von Jin Kimə məğlub olaraq Oyunlarla vidalaşıb.
Güllə atıcımız Ruslan Lunyov da Paris-2024-ə uğursuz start verib. Avropa çempionumuz pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışlarında 33 iştirakçı arasında 24-cü yeri tutmaqla final mərhələsindən kənarda qalıb.
Ruslan Lunyov Paris Olimpiadasında 25 metr məsafə üzrə atəşaçma yarışlarında da iştirak edəcək.
Günün yeganə uğurlu nəticəsi isə akademik avarçəkmə növündə əldə olunub. Azərbaycan millisinin üzvü Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində üçüncü yeri tutub. O, məsafəni 7 dəqiqə 52,53 saniyəyə qət edərək adını 1/4 finala yazdırıb. Bu mərhələnin görüşləri iyulun 29-da təşkil olunacaq.
Qeyd edək ki, avqustun 11-dək davam edəcək Paris-2024-də Azərbaycan millisi 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edir.