Paris-2024: Azərbaycan idmançıları bu gün 8 yarışda mübarizə aparacaqlar  

Paris-2024: Azərbaycan idmançıları bu gün 8 yarışda mübarizə aparacaqlar  

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycan millisi 8 yarışda təmsil olunacaq. Fərdi mübarizələrdə iştirak edəcək 7 idmançımızla yanaşı, basketbolun 3x3 növü üzrə qadınlardan ibarət yığmamız da Paris-2024-də debüt edəcək.

Günə ilk olaraq triatlonçumuz Rostislav Pevtsov start verəcək.

Daha sonra akademik avarçəkənimiz Diana Dımçenko 1/4 final görüşünə çıxacaq.

Bu gün həmçinin bir cüdoçumuz Zelim Tçkayev də mübarizə aparacaq. 81 kq çəki dərəcəsində yer alan cüdoçumuz mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.

Üzgüçülük yarışlarında isə komandamızın üzvü Ramil Vəlizadə ilk mübarizəsinə start verəcək. O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində iştirak edəcək.

Bu gün həmçinin daha iki boksçumuz rinqə çıxacaq. Bakı vaxtı ilə saat 17:30-da Nicat Hüseynov (51 kq) ilk döyüşünə çıxacaq. O, 1/8 finalda Yunior Alkantara Reyeslə (Dominikan Respublikası) qarşılaşacaq. 1/8 finalda mübarizə aparacaq digər boksçumuz Murad Allahverdiyevin (80 kq) isə ilk rəqibi Misir təmsilçisi Abdelrahman Abdelqavvad olacaq. Döyüş Bakı vaxtı ilə saat 18:34-də başlayacaq.

Bu gün Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova da hədəfi nişan alacaq. Sıralama turunda 647 xalla 39-cu olan idmançımız 1/32 finalda çinli An Qixuanla mübarizə aparacaq.

Günün sonunda Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi meydana çıxacaq. Komandamızın ilk rəqibi İspaniya yığması olacaq.

30 iyul

10:45. Triatlon, kişilər
Rostislav Pevtsov

11:30. Akademik avarçəkmə, qadınlar, fərdi, 2000 m
1/4 final
Diana Dımçenko

12:00. Cüdo, kişilər, 81 kq
1/8 final
Zelim Tçkayev – Umar Alfa Djalo (Fransa)/Abdelrahman Abdelqani (Misir) cütünün qalibi

13:00. Üzgüçülük, kişilər, 200 m, batterflyay
Təsnifat mərhələsi
Ramil Vəlizadə

17:30. Boks, kişilər, 51 kq
1/8 final
Nicat Hüseynov – Yunior Alkantara Reyes (Dominikan Respublikası)

18:34. Boks, kişilər, 80 kq
1/8 final
Murad Allahverdiyev – Abdelrahman Abdelqavvad (Misir)

20:11. Kamandan oxatma, qadınlar
1/32 final
Yaylagül Ramazanova - Qixuan An (Çin)

23:00. Basketbol 3x3, qadınlar
İspaniya – Azərbaycan