"Hidayət ağıllı güləş nümayiş etdirdi. O, artıq Avropa, dünya və Olimpiya çempionudur"
Bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Hidayət Heydərovun (73 kr) Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.
Vitse-prezident Hidayətin Olimpiya çempionu olmaqla verdiyi bütün sözlərə əməl etdiyini, qarşısına qoyulan tapşırığı layiqincə yerinə yetirdiyini qeyd edib.
"Xalqımızı təbrik edirəm. Bu, böyük qələbədir. Bu gün hamımız onun uğuruna sevinirik. Hidayətin Parisdə fransız idmançını məğlub etməsi, Azərbaycan Bayrağını qaldırıb, Dövlət Himnini səsləndirməsi ikiqat sevincə səbəb oldu. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasına da minnətdarlığımı bildirirəm. Rəqibin itirəcək heç nəyi yox idi. Amma Hidayət Avropa və dünya çempionu olmaqla yanaşı, öz çəkisi üzrə dünya reytinqində ilk sıradadır. Rəqib var gücü ilə güləşirdi. Fransızlar öz təmsilçisini yaxşı dəstəkləyirdilər. Tribunada da ona dəstəyin çox olduğu görünürdü. Amma əsas qələbədir. Hidayət də bunu bacardı”.
Elnur Məmmədli ACF-də sistemli işin getdiyini diqqətə çatdırıb: “İdmançılarımız üçün hər cür şərait yaradılıb. Hidayət isə xaraktercə çətin insandır. Lakin o, bütün çətinliklərin öhdəsindən gəldi və özünü yaxşı tərəfdən göstərə bildi. Çox sevindirici haldır ki, onun üzərində mənim də əziyyətim var”.
Xatırladaq ki, ötən gün mübarizəyə başlayan Hidayət Heydərov -73 kq çəki dərəcəsində Tohar Bitbul ( İsrail), Artur Margelidon (Kanada), Akil Qyakov (Kosova) və Con Benjamin Qabaya (Fransa) qalib gələrək Olimpiya çempionu adını qazanıb.