Azərbaycan idmançıları bu gün Paris-2024-də 5 idman növündə mübarizə aparacaq  

Azərbaycan idmançıları bu gün Paris-2024-də 5 idman növündə mübarizə aparacaq  

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir. Bu gün Azərbaycan millisi 5 idman növündə yarışda təmsil olunacaq. Komandamız cüdo, akademik avarçəkmə, triatlon, badminton və qadın basketbolçuların 3x3 növündə mübarizə aparacaq. Komanda yarışları ilə yanaşı, fərdi mübarizələrdə 4 idmançımız gücünü sınayacaq.

Yarışa ilk olaraq cüdoçumuz Elcan Hacıyev başlayacaq. Mübarizəəyə 1/16 finaldan başlayacaq idmançımızın ilk rəqibi türkiyəli Mixael Zqanq olacaq. Cüdo yarışlarına Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.

Bakı vaxtı ilə saat 12:25-də isə akademik avarçəkənimiz Diana Dımçemko mübarizəyə başlayacaq. 2000 m məsafəyə yarışda qüvvəsini sınayan idmançımız C/D yarımfinalında 6-12-ci yerlər uğrunda yarışacaq.

İlk görüşdə avstriyalı Kollins Filimona qalib gələn badmintonçumuz Edi Reski Dviçayo E qrupunda ikinci oyununa çıxacaq. Bakı vaxtı ilə saat 18:30-da başlayacaq görüşdə idmançımızın rəqibi danimarkalı Anders Antons olacaq.

Bu gün həmçinin triatlonçumuz Rostislav Pevtsov da Parisdə mübarizəyə başlayacaq. Triatlon yarışlarına Bakı vaxtı ilə saat 12:45-də start veriləcək.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə Bakı vaxtı ilə 23:30-da olimpiadadakı ikinci oyununa çıxacaq. Millimiz ABŞ yığması ilə üz-üzə gələcək. Komandamız ötən gün qrupdakı ilk matçında İspaniya kollektivinə məğlub olmuşdu.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq. Komandamızın aktivində hazırda 1 qızıl medal var. Yeganə medalı komandamıza cüoçu Hidayət Heydərov (-73 kq) qazandırıb.

 

31 iyul

12:00. Cüdo, kişilər, 90 kq
1/16 final
Elcan Hacıyev – Mihael Zqanq (Türkiyə)

12:25. Akademik avarçəkmə, qadınlar, fərdi, 2000 m
C/D yarımfinalı
Diana Dımçenko

12:45. Triatlon, kişilər
Rostislav Pevtsov

18:30. Badminton, kişilər, fərdi
Qrup mərhələsi
Anders Antonsen (Danimarka) - Edi Reski Dviçayo

23:30. Basketbol 3x3, qadınlar
ABŞ – Azərbaycan