Paris-2024: 48 idmançımızdan 19-u medal uğrunda mübarizəni dayandırdı

Paris-2024: 48 idmançımızdan 19-u medal uğrunda mübarizəni dayandırdı

Paris-2024 Yay Olimpiya Oyunlarının daha bir yarış günü idmançılarımız üçün arxada qaldı. Bu gün komandamızın üzvləri 4 idman növündə mübarizə apardılar. Təmsilçilərimiz günü medalsız başa vurdular.

Mübarizəyə ilk olaraq qadınlardan ibarət 3x3 basketbol komandamız başladı. Millimiz günün ilk matçında Avstraliya yığmasına məğlub oldu -12:21. Komandamız günün ikinci matçda reytinq sıralamasının bir nömrəli komandası olan Çin yığması ilə üz-üzə gəldi. Əlavə vaxta gedən oyunun yekununda millimiz rəqibi üzərində əzmkar qələbə qazandı -21:19. Komandamız bu qələbə ilə pley-in şanslarını öz əlində saxladı. Basketbolçularımız sonuncu qrup oyunu sabah Bakı vaxtı ilə saat 19:30-da Kanada millisinə qarşı keçirəcək. Millimiz sabah Kanada yığmasını məğlub edəcəyi təqdirdə, pley-inə vəsiqəni təmin edəcək. Komandamız əgər Kanadaya məğlub olarsa, o zaman pley-in üçün ABŞ komandasının Çin üzərində qələbə qazanmasını gözləməli olacaq.

Bu gün həmçinin Paris-2024-ün cüdo üzrə fərdi yarışlarına da yekun vuruldu. Cüdo yarışlarının son günündə tatamiyə ağırçəkili cüdoçumuz Uşanqi Kokauri (+100 kq) çıxdı. Mübarizəyə 1/16 finaldan başlayan idmançımız ardıcıl olaraq Braziliya və Finlandiya təmsilçilərinə qalib gəlsə də 1/4 finalda cənubi koreyalı cüdoçuya məğlub oldu. Üçüncü yer uğrunda mübarizədə kubalı idmançıya da uduzan Uşanqi Kokauri olimpiadanı 7-ci pillədə başa vurdu.

Boksçumuz Murad Allahverdiyev də medalın bir addımlığında mübarizəni dayandırdı. 80 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 1/4 finalda qazaxıstanlı Nurbek Oralbayla bacarmayaraq turnirlə vidalaşdı. Beləliklə, Paris-2024-ə 5 boksçu ilə yollanan idmançılarımızdan dördü olimpiadanı medalsız başa vurdu. Digər boksçumuz Alfonso Dominqes (92 kq) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.

Bu gün batut gimnastımız Selcan Mahsudova da Paris-2024-də öz çıxışını nümayiş etdirdi. Dünyanın ən güclü 16 xanım batutçusu arasında yer alan idmançımız, finala vəsiqəni təmin edə bilmədi. O, təsnifat mərhələsində 2-ci çıxışı zamanı topladığı 53.750 xalla sıralamanın 10-cu pilləsində yer aldı.

Bununla da Paris-2024 Yay Olimpiya Oyunlarında medal uğrunda mübarizəni dayandıran idmançılarımızın sayı 19-a çatdı. Qeyd edək ki, komandamız olimpiadada 15 idman növündə 48 idmançı ilə təmsil olunur. Hazırda komandamızın aktivində 2 qızıl medal var. Medalları komandamıza cüdoçular Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) qazandırıb.