Paris-2024 Yay Olimpiya Oyunlarının daha bir yarış günü idmançılarımız üçün başa çatdı. Bu gün üç sərbəst güləşçimiz və bədii gimnastika üzrə qrup hərəkətləri komandamız mübarizə aparıb. Komandamız günü bir bürünc medalla başa vurub. Ölkəmizə medalı sərbəst güləş yarışlarında qüvvəsini sınayan Giorgi Meşvildişvili (125 kq) qazandırıb. 1/8 finalda misirli Diaeldin Abdelmottalebə, 1/4 finalda isə monqolustanlı Lxaqvaqerel Munxtura qalib gələn güləşçimiz yarımfinalda gürcüstanlı Geno Petriaşviliyə uduzub. Üçüncü yer uğrunda görüşdə isə pəhləvanımız polşalı Robert Baranla qarşılaşıb. Görüşü 9:3 hesablı qələbə ilə başa vuran Giorgi Meşvildişvili Olimpiya komandamıza 6-cı medalı qazandırıb.
Bu gün həmçinin sərbəst güləş yarışlarında mübarizə aparan son iki təmsilçimiz Maqomedxan Maqomedov (97 kq) və Hacı Əliyev (65 kq) də xalça üzərinə çıxıb. Təmsilçilərimizdən M.Maqomedxanov 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Peresə, 1/4 finalda isə polşalı Mateuş Baranovskiyə qalib gəlib. Güləşçimiz finala gedən yolda gürcüstanlı Givi Matçaraşviliyə məğlub olub. Pəhləvanımız sabah – Paris-2024-ün son günündə bürünc medal uğrunda mübarizə aparacaq.
Digər sərbəst güləşçimiz Hacı Əliyev isə XXXIII Yay Olimpiya Oyunlarını medalsız başa vurub. Üçqat dünya və dördqat Avropa çempionumuz 1/8 finalda meksikalı Ostin Qomesə qalib gəlsə də növbəti mərhələdə Macarıstan təmsilçisi İsmail Muszukayevə məğlub olub. Beləliklə, ikiqat Olimpiya mükafatçımız ardıcıl iştirak etdiyi üçüncü olimpiadasını medalsız başa vurub.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası isə bu gün Paris-2024-də final mərhələsində çıxışlarını nümayiş etdirib. Finala çıxmaqla adını dünyanın ən güclü 8 komandası sırasına yazdıran millimiz final mərhələsini 5-ci sırada başa vurub. Zeynəb Hümmətova, Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Yelizaveta Luzanın təmsil etdiyi qrup hərəkətləri komandamız 5 halqa proqramında 34.850, 3 lent və 2 top proqramında 31.600, ümumilikdə isə 66.450 xal toplayaraq bu nəticəyə nail olub. Onlar finalda mübarizə aparan Ukrayna, Özbəkistan və ev sahibi olan Fransa komandasının təmsilçilərini qabaqlayaraq sıralamada önə keçiblər. Qeyd edək ki, bu, bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın olimpiadada nümayiş etdirdiyi ən yaxşı performans olub.
Qeyd edək ki, Azərbaycan komandasının aktivində hazırda 2 qızıl, 2 gümüş və 2 bürünc medal var. Komandamızın üzvlərindən Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) cüdo yarışlarında qızıl medal qazanaraq Azərbaycan himnini səsləndiriblər. Taekvondoçumuz Qaşım Maqomedov (58 kq) və boksçumuz Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq.
Paris-2024-də günün yekunu: Azərbaycan komandası günü bir bürünc medalla başa vurdu