"Azərbaycana mənə bu şansı yaratdığı üçün minnətdarlığımı bildirirəm”.
Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan sərbəst güləşçimiz Giorgi Meşvildişvili deyib.
Olimpiya mükafatçımız qazanılan medalın onun üçün dəyərli olduğunu bildirib.
“Bu medal mənim üçün qızıla bərabərdir. Azərbaycan Güləş Federasiyasına, məşqçilərimizə, həkim və masajçımıza, sparrinqlərimə minnətdaram. Hər kəsə çox sağ ol deyirəm. Biz bir komandayıq, bir ailəyik. Azərbaycanı öz doğma vətənim sayıram. Burada özümü qonaq kimi hiss etmirəm. Yarımfinalda məğlub olduğum Geno Petriaşvili çox güclü idmançıdır. Bunu finalda da göstərdi. Onu da təbrik edirəm. Bu dəfə bürünc medal qazandım. Artıq indidən növbəti yarışa çıxmağı səbirsizliklə gözləyirəm”, - deyə Giorgi Meşvildişvili deyib.
Qeyd edək ki, 1/8 finalda misirli Diaeldin Abdelmottalebə, 1/4 finalda isə monqolustanlı Lxaqvaqerel Munxtura qalib gələn güləşçimiz yarımfinalda gürcüstanlı Geno Petriaşviliyə uduzub. Üçüncü yer uğrunda görüşdə isə pəhləvanımız polşalı Robert Barana qalib gələrək Paris-2024-ün bürünc medalına sahib çıxıb.