Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb.
Onların arasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev, digər rəsmilər, eləcə də Paris-2024-ün gümüş və bürünc medallarını qazanmış idmançılar olublar.
Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) Olimpiya çempionu olublar, taekvondoçu Qaşim Maqomedov (58 kq) və boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşüb.
Paris-2024-də iştirak edən nümayəndə heyətimiz Vətənə qayıdıb








