“Azərreyl”in kişilərdən və qadınlardan ibarət komandaları Avropa Kubokunun qalibi oldu

“Azərreyl”in kişilərdən və qadınlardan ibarət komandaları Avropa Kubokunun qalibi oldu

Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kuboku turnirinə yekun vurulub. Yarışda Azərbaycanın kişilərdən və qadınlardan ibarət “Azərreyl” komandaları mübarizə aparıb.

Hər iki komandamız turnirdə uğurla çıxış edərək çempion adını qazanıb.

Belə ki, "Azərreyl"in qadınlardan ibarət komandası həlledici matçda Ukraynanın “Sunrise Beach Spors Academy” klubu ilə üz-üzə gəlib.

İki oyundan birində “Azərreyl" (2:1) digərində isə rəqib (0:2) qalib gəlib. Ardınca keçirilən qızıl setdə gərgin mübarizədən sonra 15:12 hesabı ilə üstün olan təmsilçimiz yarışın qalibi adını qazanıb.

"Azərreyl" klubunun kişilərdən ibarət komandası isə Avropa Kubokunda həlledici görüşdə İspaniyanın “CVP Poniente Benidorm Alicante“ komandası ilə qarşılaşıb. İki görüşün birində "Azərreyl" (2:1), digərində İspaniya təmsilçisi (2:1) qalib gəlib. Qalibi müəyyənləşdirmək üçün keçirilən qızıl setdə 15:12 hesabı ilə üstün olan təmsilçimiz Avropa Kubokunda çempion adına yiyələnib.