Avarçəkənlərimiz 24 medalla ümumkomanda hesabında birinci oldular
Son illərdə fəallığı ilə seçilən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) növbəti dəfə tarixi torpağımız “Qarabağ”da və Mingəçevirdə avarçəkmə üzrə beynəlxalq yarış təşkil edib.
AKAF-ın bundan əvvəl Suqovuşanda və Mingəçevirdə təşkil etdiyi ənənəvi yarışlar ilin ən yaxşı idman tədbiri seçilmişdi. Federasiyanın budəfəki tədbiri - “Mingəçevir Reqatası-2024” də bu mənada digərlərindən heç də geri qalmayıb. Üç gün davam edən beynəlxalq reqatanı təşkilatçılıq səviyyəsinə görə ən yaxşı idman tədbirlərindən biri hesab etmək olar.
Ənənəvi yarışın budəfəki açılış mərasimi Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə, Aşağı Köndələnçay su anbarında keçirilib.
Mərasimdən əvvəl işğaldan azad edilmiş Füzuli şəhərində beynəlxalq reqatanın rəsmi paradı təşkil olunub. Paradda Azərbaycanla yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistanı təmsil edən idmançılar Füzuli Aeroportunun qarşısından Aşağı Köndələnçay su anbarınadək yürüş ediblər.
Onları Azərbaycan bayrağını daşıyan könüllülərdən ibarət dəstə, milli geyimdə olan çaparlar Qarabağ atları müşayiət edib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Suqovuşandan sonra Füzuli şəhəri də beynəlxalq reqatanın iştirakçılarına qucaq açdı
Füzulidəki yarışın rəsmi açılış mərasimdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) rəhbəri Vüqar Əhmədov, AKAF-ın baş katibi Fərhad Əliyev, xarici qonaqlar, federasiya rəhbərləri, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçı ölkələrin təqdimatından sonra Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları işğaldan azad edilmiş torpaqlarda salamlayaraq turnirin əhəmiyyəti barədə danışıb.
Emin Hüseynov Füzuli şəhərində ilk dəfə olaraq beynəlxalq turnirin təşkil olunmasını şəhər günündə keçirilən tədbirlərə əlavə rəng qatdığını deyib.
Gənclər və idman naziri Fərid Qayıbov bütün qonaqları nazirliyin adından salamlayıb. Nazir tarixi torpağımız Füzulidə təşkil olunan turnirin əhəmiyyəti barədə danışıb. Çıxışının sonunda turnir iştirakçılarına uğurlar arzulayan Fərid Qayıbov yarışları açıq elan edib.
Rəsmi hissə başa çatdıqdan sonra iştirakçı ölkələrin nümunəvi keçidləri olub.
Qeyd edək ki, Füzuli rayonundakı Köndələnçay üzərində yerləşən su anbarı ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilib. Lakin 1993-cü il avqustun 23-də Füzuli rayonunun erməni qəsbkarları tərəfindən işğalı nəticəsində su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur. 44 günlük Vətən müharibəsindən sonra tarixi torpaqlarımız, o cümlədən Aşağı Köndələnçay su anbarı düşmən tapdağından azad edilərək ordumuzun nəzarəti altına keçdi.
2024-cü il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib. Dövlət başçısı Köndələnçay su anbarları kompleksini işə salıb.
Azərbaycan komandası “Mingəçevir Reqatası-2024”də ən yaxşı nəticə göstərdi
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə keçirilən “Mingəçevir Reqatası-2024”də Azərbaycanla yanaşı, daha 11 ölkə - Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparır.
Yarışın ilk günü oktyabrın 16-da Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunub. Reqatanın startından əvvəl federasiyanın nümayəndə heyəti və rəsmi qonaqlar ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Xatirəsi ehtiramla yad edilib. Daha sonra yarışlara start verilib. Turnirin birinci gününü Azərbaycan komandası 2 qızıl, 3 gümüş, 4 bürünc olmaqla ümumilikdə 9 medalla tamamlayıb. Komandamıza ilk qızıl medalı bir nəfərlik kayak qayığında 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında 500 metr məsafəyə yürüşdə Amil Ramazanov qazandırıb. Əlimurad Hacızadə 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında bir nəfərlik kayak qayığında həm 500, həm də 1000 metr məsafəyə yarışda gümüş medala layiq görülüb. İki nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında Niyaz Məlikov-Elvin Əliyev dueti üçüncü yer tutub.
Bir nəfərlik kanoe qayığında 1000 metr məsafəyə yarışda 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında Cavid Vəlizadə bürünc medal əldə edib.
Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqda 1500 metr məsafəyə 2006-2007-ci illər təvəllüdlü avarçəkənlərin mübarizəsində idmançılarımız bir dəst medala sahib olub. Nurlan Paşayev qızıl, Cahangir Məmmədli gümüş, Məhəmməd Niftullayev bürünc medal qazanıb.
Bir nəfərlik akademik avarçəkmədə 2010-2011-ci illər təvəllüdlü idmançılar arasında 1000 metr məsafədə Məhəmməd Həsənov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Füzulidə yerləşən Aşağı Köndələnçay su anbarında təşkil olunan yarışın ikinci günündə Azərbaycan idmançıları daha iki medal qazanıblar.
2006-2007-ci illər təvəllüdlü avarçəkənlər arasında bir nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə Amil Ramazanov özünün 2-ci, ümumilikdə isə 3-cü qızıl medalı komandamızın aktivinə yazdırıb. 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında 1 nəfərlik kanoe qayığında mübarizə aparan Cavid Vəlizadə isə üçüncü yer tutub.
Qaliblərin mükafatlandırma mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi Azər Əliyev də iştirak edib.
Beynəlxalq reqataya oktyabrın 18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən final yarışları və bağlanış mərasimi ilə yekun vurulub. Yarışların üçüncü günündə də komandamız uğurlu nəticələrlə yadda qalıb. Avarçəkənlərimiz sonuncu gündə daha 3 qızıl, 6 gümüş, 4 bürünc medal qazanıblar. İki nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında Azər İlyasov-Tunar Məmmədzadə dueti qızıl medala layiq görülüb. Eyni növdə 2006-2007-ci illər təvəllüdlü idmançıların mübarizəsində Nurlan Paşayev-Cahangir Məmmədli finişə hamıdan tez çatıb. İki nəfərlik kayak qayığında 200 metr məsafəyə 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında Qiyas Əhmədovla Sübhan Həsənov bütün rəqiblərini geridə qoyub.
Bir nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında Amil Ramazanov gümüş medal qazanıb. İki nəfərlik kayak qayığında 1000 metr məsafəyə 2008-2009-cu illər təvəllüdlü idmançıların mübarizəsində Niyaz Məlikov-Emil Zeynalov cütü ikinci yerə layiq görülüb. İki nəfərlik kayak qayığında 200 metr məsafədə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov və Vacib Babayev-Şahin İsayev duetləri finişi xəttini eyni vaxtda ikinci yerdə keçib. Hər iki qayıqda idmançılar gümüş medal əldə edib. 2010-2011-ci illər təvəllüdlü idmançıların iki nəfərlik akademik avarçəkmə növündə 1000 metr məsafəyə yürüşlərində Məhəmməd Həsənov-Raul Şamilov fəxri kürsünün ikinci pilləsinə qalxıb. Akademik avarçəkmədə daha bir gümüş medalı Sabit Abdullayevlə Fikrət Həsənov qazanıb. Onlar 2006-2007-ci illər təvəllüdlü idmançıların 1500 metr məsafədə mübarizəsində bu uğura imza atıb.
İki nəfərlik kayak qayığında 1000 metr məsafədə 2008-2009-cu illər təvəllüdlü idmançıların final yarışında Qiyas Əhmədovla Sübhan Həsənov üçüncü yer tutub. İki nəfərlik kayak qayığında 200 metr məsafəyə 2010-2011-ci illər təvəllüdlü idmançılar arasında İbrahim Məmmədzadə-Elmir Tarverdiyev bürünc medala sahib olub. 2010-2011-cu illər təvəllüdlü idmançıların iki nəfərlik akademik avarçəkmə qayığında 1000 metr məsafədə mübarizəsində Yusif Əliyev-Ruslan Fərəcov bürünc medal qazanıb. İki nəfərlik akademik avarçəkmə qayığında 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında 1500 metr məsafədə Məhəmməd Niftullayev-Nemət Həsənov cütlüyü yarışı 3-cü pillədə tamamlayıb.
Beləliklə, yarışın yekun nəticələrinə əsasən 6 qızıl, 9 gümüş, 9 bürünc medal qazanan Azərbaycan komandası həm akademik, həm də kayak və kanoe növlərində ən yaxşı nəticə göstərməklə ümumkomanda hesabında 1-ci olub və kubokla təltif edilib.
Qarabağdakı yarış sülh, barış, əminamanlıq və qürurla xatırlanacaq
Yarışlardan sonra “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib. Mərasimdə sonuncu yarış gününün qaliblərinə mükafatlar təqdim edilib. Qaliblərə medalları Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) vitse-prezidenti Fərid Əmirov, AKAF-ın baş katibi Fərhad Əliyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, “Kür” Olimpiya Tədris İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyev, Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova təqdim edib.
Məlumat üçün bildirək ki, “Mingəçevir Reqatası” 1970-ci ildən etibarən ümumittifaq status alıb. Bu turnirdə keçmiş SSRİ avarçəkənləri ilə yanaşı, Bolqarıstan, Çexoslovakiya və Kuba təmsilçiləri də iştirak ediblər. Reqata həmçinin müstəqillik illərində də təşkil olunub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası koronavirus pandemiyasından sonra bu ənənəvi turniri yenidən bərpa edib.
Xatırladaq ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Suqovuşandan sonra ilk dəfə Füzulidə beynəlxalq yarış təşkil edib.
Ənənəvi "Mingəçevir Reqatası" və ümummilli lider Heydər Əliyevin anadan olmasının il dönümünə həsr edilən "Prezident Kuboku" reqatası daha əvvəl Suqovuşan və Mingəçevirdə təşkil edilmişdi.
Beləliklə, AKAF avarçəkmə yarışını növbəti dəfə tarixi torpağımızda təşkil etməklə həm də dünyaya bir mesaj vermiş oldu. İndi federasiyanın uğurlu təşkilatçılığı ilə yekunlaşan bu turnirin gənc iştirakçıları ən azından bu torpaqların əzəli Azərbaycan torpağı olduğunu biləcək, illər sonra Qarabağdakı yarışı sülh, barış, əminamanlıq və qürurla xatırlayacaqlar. Federasiya rəhbərliyi isə yüksək təşkilatçılıq səviyyəsinə görə beynəlxalq qurumların, o cümlədən Beynəlxalq Kanoe Federasiyasının, Avropa Kanoe Assosiasiyasının etimadını bir daha doğrultdu. Əminik ki, günü-gündən abadlaşan Füzulidə və digər bölgələrimizdə gələcəkdə daha böyük idman tədbirləri təşkil ediləcək və vaxtilə bu torpaqlarda olan qədim idman ənənəmiz yenidən dirçələcək.
Azər Əlizadə,
Mirağa Əliyev,
Bakı-Mingəçevir-Füzuli-Bakı